Almaniyalı məşqçi: “Azərbaycanda küçədən möhtəşəm futbolçu tapmışdıq”

Almaniyalı məşqçi: “Azərbaycanda küçədən möhtəşəm futbolçu tapmışdıq”
# 25 yanvar 2016 12:38 (UTC +04:00)

Bakı – APA. “Azərbaycanın U-19 yığmasını keçmiş postsovet ölkələri arasında Rusiyadan sonra ikinci edərək, ordan ayrıldıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin sabiq baş məşqçisi Nikolay Adam deyib.

Hazırda Hindistanın U-17 yığmasını çalışdıran Adam bu ölkənin mətbuatına müsahibə verib. Azərbaycandakı fəaliyyətini də xatırlayan almaniyalı çalışdırıcı maraqlı fikirlər səsləndirib.

O, ölkəmizdən ayrılmasını belə izah edib: “Azərbaycandakı işim yaxşı alındı, vaxtımı əla keçirdim. Daha sonra ölkədə neftin qiymətinin aşağı düşməsi qorxusu yarandı. Maaşımızı məhz neftdən gələn gəlirin hesabına verirdilər. Bu məqamda Hindistandan təklif gəldi və köməkçilərimlə bir-birimizə baxıb “niyə də olmasın?” dedik. Almaniyanı sevirəm, ancaq 4 həftə ərzində orda olanda düşündüm ki, artıq getmək vaxtıdı”.

Adam futbol ölkəsi sayılmayan Azərbaycanda qarşılaşdığı infrastrukturdan təəccüblənmədiyini bildirib: “Məni az şey şoka sala bilər. Azərbaycandan əvvəl 3 il Afrikada çalışmışdım. Məsələyə belə yanaşıram: Azərbaycanda 9 milyon insan yaşayır, Hindistanın əhalisi isə 1,3 milyarddı. Düzdü, bura gəlməklə, hardasa riskə yol vermiş oldum. Hindistan futbolunda problem çoxdu. Amma nəsə etmək, özümü göstərmək mənasında yaxşı şans qazanmışam”.

Hindistanda gənclərin liqalarının olmamasından gileylənən Adam bu ölkə ilə Azərbaycanı müqayisə edib: “Yığmanın məşqçisi olan hər kəs üçün kəşfiyyat böyük önəm daşıyır. Bu, məşqçinin işini bir qədər asanlaşdırır. Hər ölkədə gənc oyunçuların çıxış etdikləri liqalar olmalıdı. Gəncləri məhz orda görüb, seçmək lazımdı. Hindistan futbolunun əsas problemi ondadı ki, burda liqalar yoxdu. Buna görə də, skautluq etmək həm çox vaxt alır, həm də enerji. Azərbaycanda, demək olar ki, küçədən möhtəşəm futbolçu tapmışdıq. Hələ ki, Hindistanda bu cür halla rastlaşmamışam. Bunun müqabilində gizli istedadları üzə çıxarmaq istəyirik. Həm bu il keçiriləcək Asiya, həm də gələn il baş tutacaq dünya çempionatında üzərimə düşən vəzifə yaxşı nəticə əldə etməkdi. Bundan əlavə, yetirmələrimə futbol təhsili verəcəyimi demişəm. Əgər 2017-ci ilin yanvarına qədər tərtib etdiyim plan işləsə, onlar il ərzində 20-25 beynəlxalq oyun keçirəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR