Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya liderləri Suriya münaqişəsini müzakirə ediblər

Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya liderləri Suriya münaqişəsini müzakirə ediblər
# 04 mart 2016 13:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya liderləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Vladimir Putin, Devid Kameron, Angela Merkel, Fransua Olland və Matteo Rentsi arasında baş tutan telefon danışığı zamanı liderlər Suriya böhranını müzakirə ediblər. Suriyada atəşkəsin elan olunması ilə bağlı Rusiya-ABŞ razılaşmasına yüksək qiymət verilib. Qeyd olunub ki, atəşkəs rejiminə ümumilikdə riayət olunur. Atəşkəsin ilk müsbət nəticələri var. Əsas odur ki, bu, BMT-nin himayəsi altında Suriya münaqişəsinin siyasi yolla həllinə şərait yaradır.

Liderlər Suriyaya Beynəlxalq dəstək qrupunun razılaşdırdığı münaqişənin nizamlanması ilə bağlı yol xəritəsini dəstəkləyiblər. Rusiya tərəfindən qeyd olunub ki, Suriya hakimiyyətinin 2016-cı ilin aprel ayında parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarı Suriya Ərəb Respublikasının mövcud Konstitusiyasına uyğundur və ölkədə sülh prosesinə heç bir maneə törətmir.

Liderlərin telefon danışığı zamanı İŞİD, “Ən-Nüsrə” və digər terrorçu təşkilatlara qarşı şərtsiz mübarizənin davam etdirilməsi üçün birgə fəaliyyətin möhkəmləndirilməsinə hazırlıq da qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR