Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin 70 illiyi qeyd olunub

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin 70 illiyi qeyd olunub
# 17 mart 2016 15:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, məktəbin direktoru Nazim Xudiyev bildirib ki, məktəbin əsası 1945-ci ildə qoyulub, 1988-ci Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar fəaliyyətini dayandırıb.

O, 2012-ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən, məktəbin fəaliyyətini bərpa etdiyini diqqətə çatdırıb, Xankəndi məktəbi üçün binanın tikilməsinə və məktəbin fəaliyyətini bərpa etməsinə yardım etmiş hər kəsə minnətdarlığını çatdırıb.

Məktəbin direktor müavini Cəmilə Əhmədova çıxışında məktəbin tarixinə nəzər salıb, keçdiyi yoldan danışıb. O, məktəbin Azərbaycanın ictimai-siyasi həyatına böyük şəxsiyyətlər bəxş etdiyini deyərək, məktəbin 100-dən çox məzununun Dağlıq Qarabağ müharibəsində şəhid olduğunu bildirib: "Hələ Sovet dönəmində Qarabağda azərbaycandilli məktəblərin fəaliyyətinə böyük maneələr törədilib. Ermənilər Xanhəndi məktəbinin fəaliyyətinə də mane olmaq üçün əllərindən gələni edirdilər. Onlar istəklərinə qismən də olsa çatdılar, belə ki, bu məktəb 1964-cü ildə beynəlmiləl məktəbin bazasında fəaliyyət göstərməyə başladı. Süni şəkildə yaradılmış maneələrə baxmayaraq, məktəbin kollektivi beynəlmiləl məktəbdə də şagirdlərin maariflənməsi, azərbaycançılıq ideyalarının təbliği işindən qalmırdı. Bu məktəbə nəinki Xankəndi, Qarabağın digər azərbaycanlılar yaşayan kəndlərindən də şagirdlər axışırdılar".

O, məktəbin məzunları sırasında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev, daxili işlər naziri Ramil Usubov, deputatlar Flora Qasımova, Elman Məmmədov, alimlərin, elm və təhsil xadimlərinin adını çəkib.

Sonra məktəb haqqında videorolik nümayiş etdirilib.

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında növbəti görüşün, məktəbin növbəti yubileyinin Xankəndi və Şuşada keçiriləcəyinə ümid etdiyini bildirib. O, Şuşa rayonu sakinlərinin xeyli hissəsinin məhz bu məktəbdə təhsil aldığını vurğulayıb: "Biz vaxtilə Xankəndi məktəbinin şagirdləri olmuş şəxslərin torpaqlarımızın müdafiəsində göstərdikləri şücaətə görə ehtiramla xatırlayırırq. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad edilsin, biz həmin şəhidlərin adlarını o torpaqlarımızda əbədiləşdirək".

B. Səfərov Xankəndi məktəbinin yenidən fəaliyyətə başlamasında millət vəkili Flora Qasımovanın rolunu xüsusi qeyd edib: "Heç kimə sirr deyil ki, bu məktəbin tikilməsində və ərsəyə gəlməsində ölkə başçısı ilə yanaşı, deputat Flora Qasımovanın böyük zəhməti var. Hesab edirəm ki, bu məktəb hər kəs üçün fəxr mənbəyidir".

Sonra Şuşa Rayon İcra Hakimiyyəti adından məktəbin müəllimləri peşə fəaliyyətə görə diplomlarla təltif ediliblər.

Çıxış edən millət vəkili Flora Qasımova həm bu məktəbin şagirdi, həm də müəllimi olduğunu deyib. O, məktəbin müəllimlərinin şagirdlərin təhsilində, dünya görüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib: "Hesab edirəm ki, məktəbin şagirdləri adət-ənənələrimizi, əxlaqi-mənəvi dəyərlərimizi dərindən mənimsəməli, yaşatmalıdırlar. Biz Xankəndini də unutmamalı və unutdurmamalıyıq. Bura həm də Xankəndini xatırladan yeganə məkandı. Arzu edirəm ki, tezliklə belə görüşlərimizi Xankəndində keçirək".

Digər tədbir iştirakçıları da məktəblə bağlı xatirələrini bölüşüb, fiklərini səsləndiriblər.

Sonda Şuşa şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifasında rəqslər nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR