Nazir: "Mədəniyyət sahəsində iqtisadi yanaşmaları bilən insanlar azdır”

Nazir: "Mədəniyyət sahəsində iqtisadi yanaşmaları bilən insanlar azdır”
# 10 fevral 2016 14:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Bizim insanlarımızın yaradıcılıq potensialı çox yüksəkdir - xalçaçılıqdan tutmuş, digər əl sənətlərinə qədər. Onlar yalnız sərgidə nümayiş olunmamalıdır. Onlar satılmalıdır və müəssisələr bundan əlavə gəlir əldə etməlidir”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhər (rayon) mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsində deyib. Nazir bildirib ki, dövlətin bu sahəyə ayırdığı vəsaitlə əldə olunan gəlir adekvat deyil: “Keçən il klub müəssisələrindən cəmi 230 min manat pul qazanılıb. Bu nə puldur? Dövlətin verdiyi pulun müqabilində heç nədir. Biz sizin üçün yol açırıq. Sadəcə, işləmək, insanları maraqlandıran məsələlər əsasında pullu xidmətləri təşkil etmək lazımdır. Bunun nəticəsində əlavə vəsait əldə olunmalıdır. O vəsait də həmin insanların dolanışığına və maddi-texniki bazanın gücləndirilməsinə sərf oluna bilər. Heç kim sizdən o pulu ala bilməz. Əfsuslar olsun ki, bu mexanizmləri təşkil etməyə bizim həm də kadr potensialımız imkan vermir. Çünki iqtisadi yanaşmaları bilən insanlar mədəniyyət sahəsində o qədər də çox deyil”.

Nazir əlavə edib ki, keçirilən festivallar yaxşı nəticə verir: “Deyə bilərəm ki, bizim təşkil etdiyimiz festivallara maraq var və onlar yaxşı nəticə verir. Amma o festivallar nəyə görə bütün respublika səviyyəsində, beynəlxalq səviyyədə təbliğ olunmur? Nəyə görə reklamı getmir, nəyə görə turizm şirkətləri ilə müqavilə bağlanmır ki, insanlar gəlib istirahət etsinlər?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR