Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Qarabağ bölgəsində aparılan araşdırmalar açıqlanıb

Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Qarabağ bölgəsində aparılan araşdırmalar açıqlanıb
# 18 aprel 2016 14:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli ELmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Qarabağ bölgəsində aparılan araşdırmalar açıqlanıb. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan –Almaniya beynəlxalq ekspedisiyası 2009-cu ildən Mil-Qarabağ bölgəsində yerləşən I Kamiltəpə yaşayış məskənində tədqiqatlar aparır. Burada son Neolit dövrünə – təxminən 8 min il əvvələ aid çiy kərpicdən inşa olunan və Azərbaycan ərazisində qədim gil-kərpic memarlığının yüksək inkişaf səviyyəsindən xəbər verən platforma və digər tikili qalıqları açılıb. Ekspedisiya Mil-Qarabağ düzündə müxtəlif dövrlərə aid 174 abidə qeydə alıb, onların koordinatlarını müəyyən edib, yerüstü materiallar toplanıb, bəzi abidələrdə yoxlama şurflar qoyulub.

Qarabağ Neolit-Eneolit ekspedisiyası 2013-cü ildən Ağdam rayonu ərazisindəki İsmayılbəytəpə yaşayış yerini tədqiq edir. Qazıntı zamanı bu abiddə çiy kərpicdən tikili qalıqları, keramika və daş məmulatı, gildən sapand daşları və s. aşkar edilib. İsmayılbəytəpə yaşayış məskənindən əldə olunan artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz regionu üçün bir yenilik hesab olunur.

Qarabağın dağlıq hissəsində – Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpə abidələr kompleksini tədqiq etmək məqsədilə 2013-cü ildə bölgəyə xüsusi dəstə ezam edilib. Ardıcıl araşdırmalar bu çoxtəbəqəli abidənin qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı Palıdlı nekropolunda arxeoloji qazıntılar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid 32 torpaq qəbir açılıb öyrənilib. Bərdə arxeoloji ekspedisiyası son illər Şatırlı kəndi yaxınlığıdakı Şortəpə və Balatəpə adlı abidələrdə tədqiqat aparır. Qazıntılar Balatəpə məskəninin Eneolitdən – İlk Tunca keçid mərhələsində salındığını, Son Tunc dövründə burada təbəqələşmənin dərinləşdiyini, antik və ilk orta əsrlərdə əhali artımı ilə əlaqədar yaşayış yerinin daha da böyüyərək Şortəpə istiqamətində genişləndiyini göstərir.

Ağcabədi rayonu ərazisindəki Qalatəpə şəhər məskənində 2008-ci ildən aparılan araşdırmalar bu abidənin antik müəlliflərin “Aynian”, “Enian”, orta əsr müəlliflərinin isə “Yunan” adlandırdıqları qədim alban şəhərinin xarabalığı olduğunu deməyə əsas verir. Məskənin yerləşdiyi koordinatlar da həmin şəhər haqqında mənbələrin verdiyi məlumatlara uyğundur.

Arxeoloqlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə sıx əmədaşlıq edirlər. Bilavasitə bu Fondun maliyyə dəstəyi ilə “Qarabağın arxeoloji xəritə”si tərtib edilib, beynəlxalq xarakterli 2-ci “ŞUŞA QRANTI” müsabiqәsi çərçivəsində “Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı layihə həyata keçirilib. Gənc alimlərin iştirakı ilə “Qafqaz Albaniyasının xristian abidələri” adlı, ingilis dilli sənədli arxeoloji-tarixi film hazırlanıb, Virtual Qarabağ Tarixi Muzeyi yaradılıb.

Qarabağ abidələrindən toplanan materiallar Arxeologiya və Etnoqrafiya institutunun nəzdindəki Arxeoloji Fonda təhvil verilir. Hazırda bu Fondda 500 minə yaxın maddi mədəniyyət nümunəsi mühafizə olunur. Qarabağda son tədqiqatlar zamanı aşkar edilən yeni artefaktların bir qismi institutun İçərişəhərdə yerləşən Elmi Ekspozisiya Muzey-Sərgisində nümayiş etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR