AZAL və "Azərenerji"nin borclarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi davam etdiriləcək

AZAL və "Azərenerji"nin borclarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi davam etdiriləcək
# 15 sentyabr 2015 07:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 6,6 mlrd. ABŞ dolları ekvivalentində olub.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Sənəddə qeyd olunub ki, imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 12,2%-ni təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 686,5 ABŞ dolları olub.

Ölkəyə cəlb edilmiş kreditlərin 36,2%-ni sabit dərəcə ilə olan kreditlər, 63,8%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib.

İmzalanmış müqavilələrə uyğun olaraq, xarici dövlət borcunun 7%-i 10 ilədək olan müddətdə, 59,7%-i 10 ildən 20 ilədək olan müddətdə, 33,3%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Dövlətin daxili və xarici borclarının idarə edilməsi, cəlb edilmiş kreditlər üzrə borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi istiqamətində aparılan məqsədyönlü iş 2016-cı ildə də davam etdirilməklə, kreditlərin əsasən kredit alan təşkilatların öz vəsaitləri hesabına ödənilməsi üçün tədbirlər görüləcək.

2016-cı il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1 mlrd. 249,7 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisə 473,5 mln. manat və yaxud 61% çoxdur.

Əvvəlki illə müqayisədə həmin xərclərin artımı əsasən xarici valyutada ifadə olunmuş borc öhdəliklərinin manatın cari ildəki korreksiyasından sonra yenidən qiymətləndirilməsi, eyni zamanda, bir sıra layihələr üzrə faiz və əsas borcların ödəniş müddətlərinin növbəti ildə başa çatması ilə bağlı olub. Həmçinin, dövlət mülkiyyətində olan bəzi Səhmdar Cəmiyyətlərinin (“Azəralüminium” ASC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC) borclarının (daxili və xarici) restrukturizasiya edilərək yaranmış öhdəliklərin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR