Milli Məclisdə "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi müzakirə olunub

Milli Məclisdə "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi müzakirə olunub
# 20 may 2016 14:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, iclasda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə deyib ki, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinin məqsədi yerli istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərərvurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılan idxala, həmçinin, yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərərvurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən, antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləməkdir.

Qeyd edək ki, dempinq xarici bazarlarda rəqibləri sıradan çıxarmaq məqsədilə malların maya dəyərindən və daxili bazardakından daha ucuz satılması deməkdir. Bu qanun layihəsi idxalın tam qadağan olunması məqsədi daşımır. Bu qanun layihəsindən dünyanın bir çox ölkələrində istifadə olunur. Qanun layihəsində nəzərdə tutulub ki, araşdırma orqanı bazarda müvafiq araşdırma aparacaq. Qanun layihəsinə əsasən dempinqli idxala qarşı 3 tədbir görüləcək: antidempinq, kompensasiya və mühafizə tədbirləri. Birinci halda dempinq olduğu aşkar edildikdə, müvafiq antidempinq rüsumu tətbiq ediləcək. İdxal zamanı digər ölkələrdə istehsal olunmuş mallara xüsusi subsidiya tətbiq olunması nəticəsində ölkəyə idxal olunan malların yerli məhsullar arasında qiymət pariteti pozulması baş verərsə, bu zaman kompensasiya tədbirləri görüləcək. Mühafizə tədbirləri isə idxalın kəskin artımının qarşısının alınması məqsədi daşıyır. Belə ki, əgər idxalın kəskin artdığı və bununla da yerli istehsal məhsullarına təzyiqin artması müəyyən olunarsa, yerli istehsal məhsullarının bazar qiymətini qorumaq üçün mühafizə tədbirləri həyata keçiriləcək.

Müzakirələrdən sonra layihə plenara iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR