Rəşad Mahmudov: "Anadangəlmə ürək qüsurlu 200 xəstənin müayinə və müalicəsi planlaşdırılır" - VİDEO

Rəşad Mahmudov: "Anadangəlmə ürək qüsurlu 200 xəstənin müayinə və müalicəsi planlaşdırılır" - <span style="color: red;">VİDEO
# 23 noyabr 2015 16:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 20-dən Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyasına start verilib.

Ürək-damar cərrahı Rəşad Mahmudovun APA-ya verdiyi məlumata görə, Ümumdünya Uşaq günü münasibəti ilə keçirilən aksiya ərəfəsində yerli və xarici (İtaliyanın Milan şəhərinin San Raffaele Hospitalı) həkim briqadaları tərəfindən anadangəlmə ürək qüsurundan əziyyət çəkən 200-dən çox xəstənin müayinə və müalicələrinin həyata keçirilməsi planlaşdırılır: “Statistikaya görə, ölkəmizdə hər il 800-1000 uşağın açıq ürək əməliyyatına ehtiyacı var. 2015-ci ildə ölkəmizin bir neçə xəstəxanasında uğurla icra olunan əməliyyatların sayı artıq 500-ə çatıb. Son zamanlar bu sahədə əldə edilmiş müsbət dinamika yaxın gələcəkdə ölkəmizdə bu problemin tamamilə həll olunacağına ümid verir. Həmçinin bu növ aksiyalar əhalimizin sağlamlığının bərpası məqsədini daşımaqla yanaşı, gənc həkim kadrlarının və rezidentlərin yerli və xarici mütəxəssislərlə təcrübə, bilik mübadiləsinə zəmin yaradır”.

R. Mahmudov qeyd edib ki, 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatlarının icrası gözlənilir. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti ilə həyata keçiriləcək.

İtaliyalı professor Alessandro Giamberti isə Azərbaycana 2005-ci ildən etibarən hər il gəldiyini bildirib: “Hər dəfə gələndə, gözlə görünən yenilik və inkişafla rastlaşıram. Bu həmçinin səhiyyə sahəsində də müşahidə olunur. Avropada yüz il ərzində tibbdə həll olunmayan problemlər ölkənizdə qısa müddətdə öz həllini tapır. Əminliklə deyə bilərəm ki, artıq səhiyyənizin əldə etdiyi nailiyyətlər və yüksək standartlar son illərdə tənəzzülün hiss olunduğu bir çox Avropa ölkəsinə nümunə ola bilər”.

Qeyd edək ki, “Uşaq həftəsi” çərçivəsində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən hazırlanmış “Ürəklər susmasın” (https://www.youtube.com/watch?v=Z2K6Ib1SVyk) adlı sosial video çarx müxtəlif televiziya kanallarında nümayiş olunacaq. Bu video çarxın əsas məqsədi ölkə, eləcə də dünya ictimaiyyətinin diqqətini anadangəlmə ürək xəstəliklərinə cəlb etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR