Azərbaycan Milli Kitabxanasında “Kitabxana işi haqqında” qanunun tələblərinə əməl olunmadığı aşkarlanıb

Azərbaycan Milli Kitabxanasında “Kitabxana işi haqqında” qanunun tələblərinə əməl olunmadığı aşkarlanıb
# 15 dekabr 2015 14:39 (UTC +04:00)

Bakı-APA. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyəti düzgün qiymətləndirilməyib, zəruri hesablamalar aparılmayıb, bunun nəticəsində bir çox xərc maddələri üzrə icra faizi aşağı olub.

APA-nın Hesablama Palatasının saytına istinadən verdiyi məlumata görə, bu, palatanın Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilərkən auditor V. Həsənov tərəfindən açıqlanıb.

Həmin nöqsanlar səbəbindən əhatə olunmuş dövrdə cəmi vəsaitin 3,3%-i ilin sonunda büdcəyə qaytarılıb, vəsaitin Vahid Büdcə Təsnifatında müəyyən olunmuş iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə icra edilib. Audit sübutları ilə Milli Kitabxana Fonduna daxil olan resurslardan istifadənin uçotu əhatəli aparılmadığı, 2014-cü ildə ötən illə müqayisədə kitab verilişlərinin sayının 16,2% faiz azaldığı, elektron resurs kimi rəqəmsallaşdırılmış nüsxələrin ümumi kitab fondunda xüsusi çəkisinin aşağı olduğu, kitabların rəqəmsallaşdırılması işinin zəif aparıldığı, kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında Milli Kitabxana tərəfindən göstərilən pullu xidmətlər üzrə tariflərin tənzimlənmədiyi, kitabxana fondlarının statistik uçotunun aparılması barədə müvafiq icra statistik hesabatların hazırlanmadığı, Milli Kitabxanada olan fiber-optik internet xətləri və server avadanlıqlarının imkanlarını nəzərə alaraq, Kitabxanaya məxsus saytların həmin serverlərdə yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün mövcud imkanlardan tam istifadə olunmadığı, “Kitabxana işi haqqında” qanunun tələblərinə əməl olunmaması səbəbindən kitabxananın fonduna, habelə kitab mübadiləsi üçün zəruri sayda kitabların, qəzet və jurnalların alınmasının müxtəlif kitab evlərindən və müəssisələrdən büdcə vəsaiti hesabına həyata keçirildiyi müəyyən olunub. Eyni zamanda auditor əməyin və ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyi, əsas vəsaitlərin respublikanın 10 rayon Mədəniyyət və Turizm şöbələrinə verilməsi zamanı zəruri razılığın alınmadığını bildirilib, tədbirlərin keçirilməsi zamanı müvafiq normalara əməl edilməməsi səbəbindən artıq vəsait sərf edildiyi diqqətə çatdırılıb. Malların (işlərin və xidmətlərin) satın alınması zamanı inventar və avadanlıqların baha qiymətə alınması, eləcə də bir neçə halda təmin olunmamış inventar və avadanlıqlara görə vəsaitin ödənilməsi hallarına yol verilib, satınalma proseduru keçirilmədən vəsait xərc edilib. Daha sonra auditor rəydə əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq Kitabxana tərəfindən kitabxana fondlarının statistik uçotunun, fəaliyyəti əks etdirən indikator göstəricilərinin işlənib hazırlanması, ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün büdcə-statistik uçotun aparılması, Kitabxanada olan fiber-optik internet xətləri və server avadanlıqlarının imkanlarından tam istifadə edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya qərarının layihəsi də müzakirə edilib. Kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR