Mətbuat Şurası: Jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanının təkmilləşməsinə ehtiyac var

Mətbuat Şurası: Jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanının təkmilləşməsinə ehtiyac var
# 29 yanvar 2016 16:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mətbuat Şurasının İdarə Heyətinin iclasında ali məktəblərin jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanının keçirilməsi forması barədə müzakirələr aparılıb.

Şuradan APA-ya verilən xəbərə görə, bildirilib ki, bu mexanizm 2014-cü ildən başlayaraq tətbiq edilir.

Lakin onun təkmilləşməsinə ciddi ehtiyac var. Qabiliyyət imtahanı zamanı abituriyentlərin jurnalistikaya marağı əsas prinsip kimi götürülməlidir. Qiymətləndirmə də daha çox jurnalistika prinsiplərinə əsaslanaraq aparılmalıdır. Bu baxımdan yeni kriteriyaların müəyyənləşməsi üçün təkliflərin hazırlanması məqsədəuyğun sayılıb.

İclasda KİV-in ölkədəki iqtisadi durumla bağlı vəziyyəti də müzakirə edilib. Bildirilib ki, qəzet kağızı 100 faizdən, xaricdən gətirilən hazır çap məhsulları isə 50 faizdən çox bahalaşıb. Üstəlik ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə 2005-ci ildə ləğv edilmiş əlavə dəyər vergisinin tətbiqinə başlanılması vəziyyəti bir qədər də çətinləşdirib. Mətbuat Şurası İdarə Heyətinin üzvləri mövcud durumdan çıxış yolu kimi göstərilən məsələlərlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlanmasını məqbul sayıblar.

Mətbuat Şurasının Şikayətlər üzrə və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyalarının rəyləri əsasında qərarlar qəbul edilib. “Qərb xəbərləri” və “Xalq tribunası” qəzetlərinin adlarının MŞ-nin “qara siyahı”sına daxil edilməsi barədə qərar çıxarılıb.

Bundan başqa “Bələdiyyə birliyi” qəzetinə xəbərdarlıq olunması ilə bağlı qərar qəbul edilib. İclasda “Milli.az” internet portalı, “dia.az”, “regionxeber.tv” saytı barədə də rəylər çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR