Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib

Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib
# 09 sentyabr 2016 14:25 (UTC +04:00)

Bakı-APA. Pakistanda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib.

Azərbaycanın Pakistandakı Səfirliyindən APA-ya verilən məlumata görə, Ravalpindi şəhərində yerləşən “Anjuman Faiz-ul-İslam” kimsəsizlər evində təşkil olunan mərasimdə Pakistanın federal təhsil və peşəkar təlim, daxili işlər və narkotiklərə nəzarət üzrə dövlət naziri Məhəmməd Baliğ-ur-Rəhman, “Anjuman Faiz-ul-İslam” Təşkilatının sədri Mian Məhəmməd Siddiq Əkbər, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhəmməd Asif Nur, ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.

Dövlət naziri Məhəmməd Baliğ-ur-Rəhman Azərbaycan və Pakistanın dost və qardaş ölkələr olaraq ortaq dəyərlərə və mənəvi yaxınlığa malik olduqlarını qeyd edib və Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bildirib.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə müstəqlliyinin bərpasının ilk illərindən Ermənistan tərəfindən həyata keçirilmiş terror hadisələri, soyqırım aktları və işğala məruz qalan, təcavüzə uğrayan ölkə kimi Azərbaycanın terror və işğalın acı nəticələrini, insanların, uşaqların necə əzab çəkdiklərini yaxşı bildiyini diqqətə çatdırıb. Səfir Azərbaycan və Pakistanın istər ikitərəfli, istərsə də beynəlxalq platformada nümayiş etdirdikləri həmrəyliyin əhəmiyyətini, Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi birmənalı dəstəyin müstəsna önəminini vurğulayıb.

O, sentyabrın 12-13-də İslamabad və Ravalpindi şəhərlərində qurbanlıqların kəsilərək “Anjuman Faiz-ul-İslam” Təşkilatının kimsəsizlər evlərinin sakinlərinə və digər ehtiyaclı insanlara paylanılacağını bildirib.

Sonda uşaqların hazırladığı səhnəciklər nümayiş olunub, Ravalpindi şəhərinin “Anjuman Faiz-ul-İslam” kimsəsizlər evinin uşaqlarına Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim edilib.

Qurban bayramı İslam dünyasının müqəddəs bayramlardan biridir. Müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Azərbaycanda bu, 2 gündür. Müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”də yazılır ki, qurbankəsmə mərasimi İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim və oğlu İsmayıl buna razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Qurban bayramında qoyun, qoç, inək, dana və ya dəvə kəsilir, kasıblara paylanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR