Türkiyədə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
# 25 fevral 2016 01:14 (UTC +04:00)

Sakarya. Etibar Məmmədov - APA. Türkiyənin Sakarya Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

APA-nın Sakaryada olan əməkdaşı xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan İqtisad Universitetinin müəllimi Pərviz Səmədov Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, hazırda ermənilərin törətdikləri vəhşiliklərin böyük əksəriyyəti dünyanın bir çox ölkələrində bilinmir: "Çünki ermənilər dünyaya 1915-ci il hadisələrini qondarma erməni soyqırımı kimi təqdim edirlər. Hazırda Türkiyədə 100 minlərlə erməni Türkiyə vətəndaşı kimi sərbəst yaşayır. Ancaq Ermənistanda yaşayan türklərə qarşı bu edilmədi. Tarixə də nəzər salsaq, görərik ki, ermənilər Cənubi qafqaza yerləşdirildikdən sonra onların dünyaya tanıdılması istiqamətində Rusiya İmperiyası rəhbərləri tərəfindən böyük işlər görülüb. Tarixən Azərbaycan və türk torpaqlarından ermənilər Cənubi Qafqaza köçürülüb və köçürüldükləri yerlərdə isə türkləri amansızlıqla qətlə yetiriblər. Ermənilər kosmopolit siyasəti yeridən millətdir, türklərə qarşı bütün siyasətləri soyqırım və qətldən ibarətdir. Bu gün Xocalıda əsir düşən 100-lərlə insandan xəbər yoxdur, onların orqanları satılır. Buna görə də bütün dünya türkləri birləşməli və türkün yurdunu türkə geri qaytarmalıdır".

Sonra Türkmənistan, Qazaxıstan, Əfqanıstandan olan türk tələbələr çıxış ediblər. Daha sonra çıxış edən professor Halık Selvi ermənilərin Xocalıda törətdiyi dəhşətin tarixi faktlarla dünyaya təqdim ediləcəyini və bununla bağlı araşdırmalar aparıldığını deyib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova qeyd edib ki, erməniləri vəhşilikləri təkcə Xocalı soyqırımı deyil, əsrin əvvəllərində də baş verib: "24 ildir ki, Xocalı dərdi bizim qəlbimizdədir və biz bu faciəni heç vaxt unutmayacağıq. Xocalıdan olan məcburi köçkünlər bu gün Azərbaycanın 50-dən çox şəhərində yaşayırlar, onların maddi və sosial problemləri ölkə başçısı tərəfindən həll olunur. Ancaq mən əminəm ki, gec ya tez bütün dünya Azərbaycanın haqlı mübarizəsini dəstəkləyəcək və biz işğal altındakı torpaqlarımızı geri qaytaracağıq".

Professor Fikrəddin Yavuz da çıxışında erməni yalanlarını digər dövlətlərin arxiv sənədləri əsasında ifşa edən faktları tədbir iştirakçılarına nümayiş etdirib.

QAT sədri Akif Nağı çıxış edərək bildirib ki, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində də bundan sonra da fəaliyyətə davam etmək lazımdır: "Mən çox şadam ki, Türkiyədə Xocalı soyqırımına və Dağlıq Qarabağ münaqişəsinə çox böyük diqqət var. Ermənilər tarixən öz ərazisi olmadığına görə, digər xalqları qətlə yetirərək, onların ərazisində məskunlaşıblar. Onların bütün siyasəti budur və Xocalı soyqırımı da bu siyasətin davamıdır. Ermənilərin Xocalıda da ortaya qoyduqları ən böyük dəhşət qəddarlıq metodlarıdır ki, biz bunu unutmamalıyıq. Mən hesab edirəm ki, Xocalı soyqırımı ilə bağlı bütün sənədləri Rusiya arxivindən çıxarıb ortaya qoymalıyıq. Çünki ermənilərə sifariş verən yeganə dövlət Rusiya olub".

Millət vəkili Qənirə Paşayeva isə çıxışında gənclərə çağırış edərək, onları millətin tarixini öyrənməyə və bu istiqamətdə konkret fəaliyyətə səsləyib: "Gənclərimiz tarixi yaxşı öyrənməlidirlər, çünki tarix millətin gücüdür, varlığıdır, yaşamıdır. Türk millətinin yaşadığı xəritəyə diqqət yetirdikdə, görürük ki, bu millət tarix boyu işğala, işgəncəyə məruz qalıb". Q. Paşayevə deyib ki, bu gün dünyada ədalət də, beynəlxalq hüquq normaları da yoxdur: "Buna görə də dünyada haqlı olduğumuzu sübut etmək üçün güclü olmağımız lazımdır, fikir, həmrəylik nümayiş etdirməyimiz lazımdır. Gənclər qarşılarına konkret məqsəd qoymalı, dövlətin və millətin gələcəyi üçün çalışmalıdır".

Sonda tədbir təşkilatçılarına diplomlar təqdim edilib.

Qeyd edək ki, tədbirdə Türkiyədə səfərdə olan İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun təmsilçiləri də iştirak edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR