Elnur Eyvazov: "Biznes ombudsmanın yaradılması sahibkarların problemlərinin həllində operativ addımlar atmağa imkan verəcək" - MÜSAHİBƏ

Elnur Eyvazov: "Biznes ombudsmanın yaradılması sahibkarların problemlərinin həllində operativ addımlar atmağa imkan verəcək" - <span style="color: red;">MÜSAHİBƏ
# 04 noyabr 2015 07:44 (UTC +04:00)

Bakı - APA. ADCO reklam şirkətinin direktoru Elnur Eyvazovun APA-ya müsahibəsi

- Azərbaycanın hazırkı vəziyyətində sahibkarların mövcud problemlərinin həllində marketoloq-konsultantlar necə iştirak edə bilərlər?

- Bizim elə də böyük olmayan şirkətimiz artıq biznes problemlərinin obyektiv qiymətləndirilməsində müəyyən təcrübəyə malikdir. Marketinq və reklam sahəsi sahibkarlıq fəaliyyətinin növündən asılı olmayaraq, ümumilikdə bazarda baş verən dəyişiklikləri izləməyə imkan yaradan məhz həmin baxış prizmasıdır. Belə bir nəticəyə gəlmişik ki, müştərilərimiz qurulan ünsiyyətin müəyyən bir mərhələsində bizim üçün yalnız sadəcə, sifarişçi olaraq qalmamalıdırlar, həm də müəyyən mənada biznes tərəfdaşımıza da çevrilməlidirlər. Prosesi tam şəkildə izləyə bilməyin də tək yolu məhz bundan ibarətdir. Onların uğurları bizim uğurlarımızdır, əgər onların problemləri varsa, deməli, bu artıq bizim də problemimizdir. Bu, şəxsən mənim üçün vəziyyəti daima təhlil edə bilmək və ölkədə sahibkarlıq sahəsində baş verən hətta ən əhəmiyyətsiz dəyişiklikləri belə görmək imkanı yaradır.

Marketoloqların müşahidələrinə əsasən, bəzən böhran vəziyyəti ilə üzləşən sahibkarlar panikaya düşürlər, dərhal öz bizneslərini ləğv etmək, eləcə də, mümkün qədər tez və başlıcası, zərərə uğramadan bazardan çıxmaq haqqında tələsik qərar qəbul edirlər. Onların bəziləri hətta heç mövcud alternativləri belə nəzərdən keçirmirlər, ən yaxşı halda gözləmə mövqeyi tuturlar. Axı istənilən böhran yalnız problem demək deyil, həm də axtarılmalı və istifadə edilməli olan yeni "imkanlar pəncərəsi"dir.

Məhz belə bir halda onların köməyinə ölkənin iqtisadi institutları gəlməlidir: onlar sahibkarlarla bağlı işləri öz yoluna qoymalı, onları narahat edən problemləri tədqiq etməli və həmin problemlərin tezliklə həll edilməsi yollarını təklif etməlidirlər.

- Əksər KİV ölkə prezidentinin lisenziyaların verilməsinin sadələşdirilməsi və sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması haqqında fərmanını "inqilabi qərar" adlandırıb...

- Nazirlər Kabinetinin bu ilin 3-cü rübünə həsr olunan iclasındakı çıxışında dövlət başçısı sahibkarlıq fəaliyyətinin dövlət quruculuğundakı əhəmiyyətini qeyd edərək, onun istiqamətini dəqiqliklə müəyyənləşdirib. Bu islahatların hər biri ölkədə böyük iqtisadi dəyişikliklərin olacağından xəbər verir. Bu gün ölkə rəhbərliyinin sahibkarlığa, iqtisadiyyatın inkişafı üçün onun potensial imkanlarına etimadının yüksəlməsindən əminliklə danışmaq olar. Eyni zamanda, son samanlar keçirilən bütün görüşlərdə prezident bürokrat məmur aparatını sərt, bəzən isə amansız tənqid edib.

Təəssüf ki, sahibkarlar könülsüz olaraq müvafiq orqanlara və bilavasitə dövlət başçısına şikayətlə müraciət edirlər. Əfsuslar olsun ki, bir çoxları "lazımi" əlaqələr tapmağa, ya da problemi başqa yollarla həll etməyə çalışırlar.

Bu gün sahibkarlar yaxşı başa düşürlər ki, onlar dövlətin dəstəyi olmadan keçinə bilməzlər. Bu dəstək özündə həm imtiyazları, həm də hüquqi köməyin göstərilməsini ehtiva edir. Belə bir dəstək böyük xərclər tələb etmir - burada, ilk növbədə, sahibkarlar da daxil olmaqla, hüquqların müdafiə olunması üçün nəzərdə tutulan qurumların işi olduqca vacibdir. Vətəndaş cəmiyyətinin müxtəlif qruplarının müdafiəsi üzrə belə təşkilatlar dünyanın bir çox ölkələrində mövcuddur. Bəzi belə institutlar, məsələn, insan haqları üzrə ombudsman xidməti, artıq uzun zamandır ki, MDB-nin əksər ölkələrində fəaliyyət göstərir. Lakin bu sahədə heç bir resept və ya göstəriş ola bilməz - hər bir ölkə özü onun üçün hansı problemin vacib olduğunu daha yaxşı bilir.

Bəzi ölkələrdə ombudsman institutları və ya bələdiyyələrin dəstəklənməsi xüsusilə vurğulanır, digərlərində - diqqət sırf iqtisadi aspektlərə - biznesin bank və vergi sistemləri və ya gömrüklə qarşılıqlı əlaqəsinə ayrılır. Üstəlik, həmin institutlar müxtəlif prinsiplər üzrə formalaşır. Onlar birbaşa nazirliklər və ya parlament yanında fəaliyyət göstərə bilər, və ya ölkə prezidenti yanında yaradılan qurum kimi çalışa bilərlər. Lakin istənilən halda onların fəaliyyətinin zəruri şərti istənilən dövlət qurumlarından heç bir asılılıqlarının olmamasıdır.

- Çox zaman düşünürlər ki, biznesi idarə edən institutların əsas vəzifəsi vətəndaş cəmiyyətlərinin müəyyən qruplarının maraqlarını müdafiə etməkdir. Necə hesab edirsiniz, belə bir yanaşma doğrudurmu?

- Bu qismən belədir, lakin yenə də ombudsman institutlarının əsas məqsədi dövlətin maraqları və müəyyən biznes-qrupların maraqları arasında tarazlığın tapılmasından ibarətdir. Şəxsən mənim üçün ölkəmizdə ən aktual məsələ prezident yanında kiçik və orta biznesin hüquqları üzrə səlahiyyətli olan institutların yaradılmasıdır. Böyük biznes özünü müdafiə edə bilir, məsələn, o, Biznesmenlər Assosiasiyası kimi strukturlarda yaxşı təmsil olunub. Onun parlamentdə, hökumətdə öz lobbiçiləri var. Bunu kiçik və orta biznes haqqında isə demək olmaz.

Bu cür institutlar eyni zamanda həm biznesin inkişafı sahəsində yeni ideyalar fabrikidir, həm də böhran vəziyyətində sahibkarlığın birbaşa dəstəklənməsi vasitəsi deməkdir.

Bu isə biznes və onun problemləri və zəruri hallarda açıq şəkildə biznesin müdafiəsinə qalxan ölkə rəhbərliyi arasında dəqiq əks əlaqəni yaradır. Belə bir qurumun yaradılması ölkə rəhbərliyini biznesi burokratiyadan müdafiə etmək üçün tələb olunan gündəlik işlərdən azad edəcək, həm də biznes icması haqqında rəhbərliyin vaxtlı-vaxtında məlumatlandırılmasını təmin etmiş olacaq. Daha sadə desək, ombudsmanın bu vəzifəsi sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və hüquqi maraqlarını qorumaqdan və müdafiə etməkdən ibarətdir. Lakin bu vəzifə özündə ombudsmanın qanunçuluğun qorunmasına aramsız nəzarət etməsini ehtiva etmir. Qanunçuluğun qorunmasının keşiyində ilk növbədə, hüquq-mühafizə orqanları dayanırlar və prokurorluqdan fərqli olaraq, ombudsman institutu yalnız qanunçuluq nöqteyi-nəzərindən yox, həm də səmərəlilik, məqsədəuyğunluq, dürüstlük, ədalətlilik mövqeyindən çıxış edərək, biznesə nəzarəti həyata keçirir və təhqiqat aparır.

- Yekun etibarilə, məsləhətlərinizdən faydalanan sahibkarlar hansı nəticələri əldə edə bilərlər?

- Biznes ombudsmanının yaradılması ilə sahibkarların problemlərinin öyrənilməsi onların həlli yolunda operativ addımlar atmağa və sahibkarların fəaliyyətinin inkişafına yardım etməyə imkan verəcək. Məhz biznes problemlərinin ciddi araşdırılması və dövlətin xüsusi diqqəti son vaxtlar ölkənin kənd təsərrüfatı sahəsində iqtisadi göstəriciləri artırmağa şərait yaradıb. Burada sabit artım qeydə alınıb və bu, müsbət haldır. Bununla yanaşı, kənd təsərrüfatı, fermerlik sahəsində hələ istifadə olunmamış imkanlar, sahibkarlığın effektli inkişaf istiqamətləri mövcuddur. Hərçənd, bu sahədə problemlər də yetərincədir.

Ölkədə aqroparkların yaradılması yaxşı haldır, amma gəlin görək, orada kiçik və orta biznes hansı yeri tutacaq? Məhz sahibkarların hüquqları üzrə institutun mövcudluğu ilə sahibkarlıq fəaliyyətinin istənilən istiqamətdə inkişaf etdirilməsinə yardım məqsədilə pulsuz xidmətlər, məsləhətlər təşkil etmək olar.

Biznes ombudsmanı institutunun yaradılmasının müsbət məqamlarından biri də ondan ibarətdir ki, həmin şəxs bu sektorun inkişafı üzrə prezidentə müntəzəm hesabat verməli olacaq və beləliklə də, dövlət başçısı dərhal sahibkarların problemləri haqqında məlumat əldə edə biləcək. Ən əsası isə əlbəttə ki, bürokratiya üzərində şəffaf hüquqi nəzarətin təmin edilməsidir.

Biznes dövlət tərəfindən mühafizə olunduğunu hiss etməli və bilməlidir ki, ona olan maraq müvəqqəti və ani deyil, bu qayğı məhz təminatlı, sistemli dövlət dəstəyindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR