BSU-da beynəlxalq dəyirmi masa keçirilib

BSU-da beynəlxalq dəyirmi masa keçirilib
# 08 dekabr 2017 16:03 (UTC +04:00)

Bakı Slavyan Universitetində (BSU) Türkiyə, Rusiya, Polşa, Ukrayna, Çexiya, Bolqarıstan, Belarus respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin iştirakı ilə “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” adlı beynəlxalq dəyirmi masa keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BSU rektoru, professor Nurlana Əliyeva Azərbaycan təhsil sisteminin XXI əsrdə çox böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

O, multikulturalizmin mərkəzi sayılan Bakı Slavyan Universitetində əcnəbi tələbələrin təhsillərini mükəməlləşdirməsi üçün hər cür şərait yaradıldığını bildirib: “Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan təhsili və mədəniyyəti sürətlə inkişaf etmiş dünyaya inteqrasiya olunmağa başlayıb. Qısa zaman ərzində ölkəmizin yüksək iqtisadi inkişafa nail olması, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması, əhalinin maddi rifahının gündən-günə yüksəlməsi və qarşıya qoyulan digər önəmli məsələlərin həyata keçməsi Azərbaycan Respublikasının tərəqqisinin göstəricisidir”.

Dəyirmi masanın moderatoru olan Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos isə müasir təhsil sisteminin cəmiyyətin ayrılmaz bir sahəsi olduğunu qeyd edib. N. Kanellos Yunanıstanla Azərbaycan arasındakı təhsil əlaqələrinin qurulmasında aparıcı rol oynayan Bakı Slavyan Universitetinin fəaliyyətini yüksək qiymətləndirib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral isə qeyd edib ki, təhsil sisteminin inkişafı ölkənin bir çox sahələrdə irəli getməsinə səbəb olur. Səfir beynəlxalq təhsil amilinin hər bir fərdə təsir etmək gücünə malik olduğunu vurğulayaraq bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görməyin mümkün olduğunu diqqətə çatdırıb. Səfir dünyada tüğyan edən terrorizmdən söz açaraq Azərbaycanın Qarabağ probleminə də toxunub, 25 faiz işğal altında olan torpaqların yaxın zamanda geri qayıdacağına əmin olduğunu bildirib.

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müvəqqəti işlər üzrə vəkili Oleq Muraşev isə Rusiya və Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan və Rusiya arasında humanitar münasibətlər bu sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. Bu ölkələrin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramlarının, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokolların mövcud olmasını xüsusi qeyd edən O.Muraşev rus dilinin inkişafı məsələsinə də toxunub. O bunu ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirib.

Tədbirdə həmçinin Polşa və Çexiya səfirləri, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müvəqqəti işlər üzrə vəkili Yanko Yanakiyev çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR