Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2018 sərgisi keçirilir

Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2018 sərgisi  keçirilir
# 05 aprel 2018 10:10 (UTC +04:00)

Bu gündən Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2018 sərgisi işə başlayıb.

"APA-Economics"in məlumatına görə, sayca 17-ci olan bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayıb və regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından əks etdirir.

“Bütün dünya - bir sərgi” devizi altında keçirilən “AITF” sərgisi bu il dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edir. Hər il sərgi iştirakçılarının sırasına həm yerli, həm də xarici iştirakçılar qatılırlar. Ümumilikdə, “AITF” sərgisində debütantlar iştirakçıların 31%-ni təşkil edirlər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi qismində hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstan ölkəsidir. Sərgidə 90-dan çox turizm istiqamətini, eləcə də digər turizm xidmətlərini təqdim edən şirkətlər iştirak edir ki, bu da hətta ən tələbkar müştərilərə belə qeyri-standart istirahət proqramı seçmək üçün imkan yaradır. Ölkələrin fəal iştirakı artıq “AITF” sərgisinin vizit kartına çevrilib. Bu il sərgidə Azərbaycan, Gürcüstan, Dominikan, İtaliya, Mərakeş, Tailand, Türkiyə, Çexiya, Dağıstan (Rusiya), Roqaşki Slatina (Sloveniya) və Stavropol Diyarından (Rusiya) ümumilikdə 13 milli və regional ekspozisiya iştirak edir. Həmçinin bu il Şərqi Yava (İndoneziya) sərgidə debüt edir. Milli və regional stendlərdə kurort və sanatoriyaların, eləcə də turizm şirkətləri və otel şəbəkələrinin nümayəndələri fəaliyyət göstərir.

“AITF” sərgisi Azərbaycanın daxili turizminin inkişafını əks etdirir. Sərgidə hər il Azərbaycanın turizm istiqaməti kimi xarici turistlərə təklif etdiyi yeni imkanları təqdim olunur. Azərbaycanda mədəniyyət və turizmin inkişafı üzrə fəaliyyət planı ilə sərginin daimi iştirakçı olan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin stendində tanış olmaq mümkündür. Azərbaycanın təxminən 20 turizm şirkətini, o cümlədən otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası ekspozisiyası həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək.

Dünyanın hər hansı ölkəsinin yerləşdiyi regionun ənənələri və nadir təkrarsız təbiəti ilə tanış olmadan, həmin ölkənin koloritini öyrənmək mümkün deyil. Buna görə də, Azərbaycanın regional turizm mərkəzləri sərgidə həmişə parlaq və rəngarəng şəkildə təqdim edilir. Belə ki, sərgidə İsmayıllı, Lənkəran, Masallı, Şəki, Xaçmaz və Sumqayıtı təmsil edən regional turizm idarələri iştirak edir. Ənənəvi olaraq, sərgidə qonaqları regionun mədəni - tarixi irsi ilə tanış edən Qarabağ stendi təqdim olunur.

İkinci ildir ki “ASAN Visa” – elektron viza portalı sərgidə öz stendi ilə iştirak edir. Bu stenddə Azərbaycanda elektron vizanın alınmasının bütün incəlikləri və üstünlüklərini öyrənmək mümkündür. Bakının tarixi mərkəzi olan (və artıq Azərbaycanın hüdudlarından kənarda yaxşı tanınan) qədim İçərişəhərdə turizminin inkişaf imkanları Nazirlər Kabineti nəzdində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nümayiş olunur. Həmçinin, Bakı Şopinq Festivalı da (Baku Shopping Festival) sərgidə iştirak edir. Bakı Şopinq Festivalının stendində Festivala qoşulmaq barədə ətraflı məlumatı əldə etmək mümkün olacaq.

Bu il sərginin tibbi turizm seqmentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriyalar iştirak edir. Bu sektorun iştirakçıları istirahət məkanları seçməklə yanaşı, yüksək ixtisaslı tibbi yardım xidmətləri əldə etmə siyahısını nümayiş etdirəcəklər. Beləliklə, sərgi üç gün ərzində turizm xidmətləri, aviaşirkətlər, yerli və regional turizm təşkilatları, mehmanxana şəbəkələrinin geniş çeşidini əyani şəkildə nümayiş etdirəcək.

Sərgi təşkilatçıları tədbir çərçivəsində əlavə işgüzar tədbirlərinin keçirilməsini fəal şəkildə dəstəkləyirlər. Belə ki, ardıcıl olaraq üçüncü ildir ki, “AITF” sərgisi çərçivəsində sərginin xarici iştirakçıları və yerli turizm şirkətlərinin iştirakı ilə “B2B” formatlı görüşlər keçirilir. Bu “B2B” formatlı görüşlər iştirakçılara stenddə görüşməklə yanaşı, xüsusi olaraq ayrılmış sahədə həmkar turoperatorlar ilə üz-üzə danışıqlar və təcrübə mübadiləsi aparmağa imkan verir. Bu il “B2B” formatlı görüşlər 6 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək və aparıcı yerli turizm şirkətlərinin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq, vasitəçilərsiz birbaşa danışıqlar aparmaq və tərəfdaşlıq bazasını genişləndirmək üçün imkan yaradacaq.

Sərgi iştirakçıları da bazarda yeni istiqamətlər və onların təbliğ haqqında məlumat vermək fürsətini əldən buraxmırlar. Belə ki, İtaliya Milli Turizm Agentliyi turizm sənayesinin nümayəndələri üçün “İtaliya kaleydoskopu” adlı maraqlı təqdimat təşkil edir, Çexiyanın “In Travel” şirkəti isə Çexiya kurortları haqqında təqdimatla çıxış edəcək.

Sərginin 3-cü günü sərginin iştirakçı ölkələrinin nümayəndələrinin iştirak edəcəyi “Səyahət festivalı” adlı festival keçiriləcək. Mərkəzi səhnədə regionların və dünyanın ölkələrinin rəqs və musiqi qrupları çıxış edəcək.

Həmçinin Bakı Ekspo Mərkəzinin foyesində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzinin stendi yerləşir. Stenddə mərkəzə daxil olan sənətkarların əsərləri təqdim edilir. Əlavə olaraq foyedə Sandiqca brendinə aid olan mükəmməl əl işləri nümayiş olunacaq. Bu brendə aid olan hər bir məhsul (aksessuarlar, örpəklər, səbətlər və s.) Azərbaycanın mədəni irsini əks etdirir.

Bu sərgi çərçivəsində Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçirilir. Qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR