Vüsal Qasımlı: “Azərbaycan yeni iqtisadi modelə keçib”

Vüsal Qasımlı: “Azərbaycan yeni iqtisadi modelə keçib”
# 26 oktyabr 2017 12:00 (UTC +04:00)

“Azərbaycan yeni iqtisadi modelə keçib və biz yeni islahatlara başlamışıq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan nümayəndə heyəti adından Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Estoniyanın paytaxtı Tallində Şərq Tərəfdaşlığı ölkələri biznes forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, islahatların istiqamətlərindən biri yeni institutların yaranması ilə bağlıdır.

"Son bir ildə Azərbaycan iqtisadi islahatların sürətlənməsi üçün Maliyyə Sabitliyi Şurası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər institutlar yaradıb. Digər bir istiqamət isə biznes mühitinin inkişafı ilə bağlıdır. Son bir ildə Azərbaycanda Vergi Məcəlləsinə, o cümlədən Gömrük Məcəlləsinə 200-dən çox dəyişiklik edilib. Bu sahədə olan səylər nəticəsində Dünya İqtisadi Forumunun reytinqində Azərbaycan 140 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Qlobal Rəqabətlilik Hesabatına əsasən isə Azərbaycan MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. İslahatların 3-cü istiqaməti biznes təşəbbüsləridir. Bu gün Azərbaycanda 60-a yaxın aqropark, texnopark və sənaye parkları qurulub. Sonuncu istiqamət isə strateji yol xəritəsidir. Biz qlobal iqtisadiyyatına qoşulmaq üçün Azərbaycan biznesinə böyük imkanlar veririk. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyi üçün alternativ enerji mənbəyidir. Biz Avropa İttifaqı ilə əməkdaşlıq baxımından yeni perspektivlərin axtarışındayıq", - deyə V.Qasımlı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR