İsmayıllı hadisələrinə görə saxlanılan şəxslərin kassasiya şikayətləri təmin edilməyib

İsmayıllı hadisələrinə görə saxlanılan şəxslərin kassasiya şikayətləri təmin edilməyib
# 27 oktyabr 2016 14:37 (UTC +04:00)

Ali Məhkəmədə İsmayıllı hadisələrinə görə həbs edilən şəxslərin kassasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli deyib ki, Asif İbrahimov və Səftər Ağamalıyevin kassasiya şikayətləri məhkəmə tərəfindən təmin edilməyib.

A. İbrahimov və S. Ağamalıyev barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səftər Ağamalıyev və Asif İbrahimovun hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə təmin olunmayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda qeyd olunub ki, 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə E. Şəmdinov və E. Məmmədov cinayət məsuliyyətinə cəlb ediliblər. Bundan əlavə, hadisələr zamanı polisə müqavimət göstərən, ictimai sabitliyi pozmağa yönələn çağırışlar edən şəxslər də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR