Polad Bülbüloğlu “Rus ifaçılıq sənəti” Fondunun 25 illiyi medalına layiq görülüb

Polad Bülbüloğlu “Rus ifaçılıq sənəti” Fondunun 25 illiyi medalına layiq görülüb
# 23 oktyabr 2017 00:06 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Rus ifaçılıq sənəti” İctimai Fondunun 25 illiyi medalına layiq görülüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, medal P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilən “Rusiya musiqi dövlətidir” konsert proqramı çərçivəsində təqdim olunub.

Konsertdə çıxış edən “Rus ifaçılıq sənəti” Fondunun prezidenti, Rusiyanın əməkdar incəsənət xadimi Valeri Voronov Polad Bülbüloğlunun Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə və dünya musiqi sənətinin inkişafına dəyərli töhfələr verdiyini söyləyib.

Polad Bülbüloğlu ona göstərilən diqqətə və mükafata görə təşəkkürünü bildirib. Səfir “Rus ifaçılıq sənəti” Fondunun Rusiya və dünya mədəniyyətinin inkişafında mühüm rol oynadığını qeyd edib: "Fondun başlıca qayəsi olan incəsənətin, o cümlədən gənc musiqiçilərin dəstəklənməsi olduqca nəcib işdir. Fondun fəaliyyətində yaxından iştirak edənlərdən biri, dahi həmyerlimiz Mstislav Rostropoviç idi. Onun Bakıya hər gəlişi Azərbaycan musiqisevərləri üçün bayrama çevrilirdi".

Qeyd edək ki, səfir Polad Bülbüloğludan başqa “Rus ifaçılıq sənəti” Fondunun mükafatına SSRİ xalq artisti İosif Kobzon və başqaları da layiq görülüb. “Rus ifaçılıq sənəti” Fondu 25 il əvvəl musiqi xadimlərini birləşdirmək məqsədilə yaradılıb. Ötən dövr ərzində Fond xeyli yerli və beynəlxalq layihələr həyata keçirib, gənc musiqiçilər üçün təqaüd proqramları təsis edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR