DGK: Əsas diqqətimiz kənd təsərrüfatı məhsullarının ixracına yönəlib

DGK: Əsas diqqətimiz kənd təsərrüfatı məhsullarının ixracına yönəlib
# 19 oktyabr 2016 10:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərbaycanın gömrük sistemində islahatlar davam edir. Gömrük prosedurlarının sadələşdirilməsi təkcə gömrük sənədlərinin azaldılması deyil, həmçinin gömrük bəyannamələrinin elektron qaydada təqdim edilməsi ilə bağlıdır".


"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar" mövzusunda konfransda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, gömrük sənədlərinin sadələşdirilməsi Azərbaycan məhsullarının xarici bazara çıxarılmasına yardım göstərəcək: "Gömrük orqanları İqtisadiyyat Nazirliyi ilə birgə bu işləri görür. Bu gün Dövlət Gömrük Komitəsinin əsas diqqəti kənd təsərrüfatı məhsullarının ixracına yönəlib. Bu gün Rusiya ilə Azərbaycan arasında bununla bağlı qarşılıqlı sənəd imzalanıb. Bu sənədə əsasən, Rusiyadan Azərbaycana idxal olunan kənd təsərrüfatı məhsulları sadələşdirilmiş qaydada Azərbaycan ərazisinə daxil olur. Bu sənəd həmçinin ixracın təşviqinə də çox böyük imkan verir".

Qurum rəsmisi qeyd edib ki, gömrük sahəsində əsas məsələ sərhəd keçid prosedurlarının sadələşdirilməsidir: "Bu sahədə əsas məsələ idxal məhsullarına yönəlsə də, "yaşıl dəhliz" prinsipi ilə ixrac yolları da aid edilir. Ümumiyyətlə ixracın təşviqi məsələsi və ixracın prosedurunun sadələşdirilməsi bizim fəaliyyətimizin əsas hissəsidir. Komitə ixracın stimullaşdırılmasında öz üzərinə düşən işləri tam olaraq həyata keçirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR