Ankarada azərbaycanlı həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin forumu keçiriləcək

Ankarada azərbaycanlı həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin forumu keçiriləcək
# 02 oktyabr 2017 10:52 (UTC +04:00)

Ankarada azərbaycanlı həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin 5-ci Türkiyə forumu keçiriləcək.

APA-nın məlumatına görə, “Nümunəvi həkim olmağa doğru" adlı forum oktyabrın 7-8-də baş tutacaq.

Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Xanəlioğlu bildirib ki, Azərbaycan müstəqillik qazandığı 1991-ci ildən 1000-dən çox gənc həkim, müasir standartlarda tibb təhsili almaq üçün qardaş ölkə Türkiyəyə üz tutub: "Bu gün 200-dən çox uzman həkim, Azərbaycanın dövlət və özəl xəstəxanalarında müxtəlif tibb sahələrində xidmət göstərir. Əlavə olaraq, 1000-ə yaxın tibb tələbəsi və rezidentlər təhsillərini Türkiyənin qabaqcıl universitetlərində davam edirlər. Azərbaycanlı Həkimlər Dərnəyi, tibb sahəsində təhsil alan və xidmət göstərən Azərbaycanlı həkimlər, səhiyyə işçiləri və tələbələrin həmrəyliyini təmin etmək, ehtiyac və problemlərini müəyyənləşdirərək bunlara həll yolu tapmaq, onların mütəxəssis olaraq yetişməsinə töhfə vermək və Azərbaycan ilə Türkiyə və digər ölkələrdəki səhiyyə sistemləri arasında körpü qurmaq məqsədi ilə 2014-cü ildə, Türkiyənin paytaxtı Ankara şəhərində azərbaycanlı həkimlər və tibb tələbələri tərəfindən qurulub".

Ş. Xanəlioğlunun sözlərinə görə, sözügedən dərnək yuxarıda qeyd olunan məqsədlər üçün ötən illərdə müxtəlif fəaliyyətlər gerçəkləşdirib, çox saylı tədbir keçirib: "Heç şübhəsiz ki, bunların arasında ən önəmli yeri “Nümunəvi həkim olmağa doğru” forumları tutmaqdadır. İlk forum hələ dərnəyimizin qurulmasından öncə - 2011-ci ildə təşkil olunub. Beşinci forum isə bu il 7-8 oktyabr tarixində Ankara Universiteti Tibb fakültəsində həyata keçiriləcək. Ötən illər ərzində forumlarımıza Azərbaycanın səhiyyə nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komitəsinin sədri, Türkiyədəki universitetlərin rektorları və tibb fakültələrinin dekanları da daxil olmaqla siyasət, təhsil və səhiyyə dünyasından yüksək səviyyəli qatılım olub. Bu il də əvvəlki illərdə olduğu kimi başda Türkiyə olmaq üzrə Azərbaycan, Almaniya, Rusiya və başqa ölkələrdən gənc həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin iştirak edəcəyi forumda önəmli mövzularda panellərin təşkil olunacağı maraqlı bir proqram hazırlayırıq. Tədbirdə Türkiyə və Azərbaycanın önəmli dövlət adamları və mütəxəssislərinin iştirakı gözlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR