"Mobil məhkəmə" istifadəyə verilib

"Mobil məhkəmə" istifadəyə verilib
# 24 dekabr 2019 17:30 (UTC +04:00)

Bu gün Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Mobil məhkəmə” proqram təminatının ictimai təqdimatı keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Baş Prokurorluğun, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Vəkillər Kollegiyasının məsul şəxsləri, Milli Məclisin deputatları, hakimlər, sahibkar və bank sektorunun təmsilçiləri, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm “yol xəritəsi” olub və ötən müddətdə xeyli işlər görülüb.

Həmçinin bu gün ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi qeyd olunaraq xüsusi elektron notariat elektron çantası, yalnız Azərbaycanda mövcud olan elektron ədliyyə köşkü və Azərbaycan məhsulu olan mobil notariat proqram təminatı, habelə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin - elektron qolbaqların tətbiqi barədə məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən və Dünya Bankı ilə birgə işlənilərək hazırlanmış "Elektron məhkəmə" informasiya sistemi istifadəyə verilib.

“Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması üzrə əməli tədbirlər görülüb, o cümlədən məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və sair imkan verən “Mobil məhkəmə” proqram təminatı işlənib hazırlanıb. Ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq yaradılan "Mobil məhkəmə"nin dünyada tətbiqinə çox az rast gəlinir və demək olar ki, Azərbaycan bu sahədə birincilər sırasındadır.

Tədbirdə mobil məhkəmə barədə təqdimat nümayiş etdirilib. Məlumat verilib ki, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət edən “Mobil məhkəmə” məhz bu gündən – dekabrın 24-dən istifadəyə verilir. Artıq vətəndaşlar "Mobil məhkəmə" proqram təminatını bu linkə (https://play.google.com/store/apps/details?id=com.emehkeme) daxil olmaqla öz telefonlarına yükləyərək "Elektron məhkəmə" informasiya sisteminin imkanlarından mobil qaydada istifadə edəcək və faydalana biləcəklər.

Sonra sual-cavab sessiyası keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR