Leyla Əliyeva: “Azərbaycan və Heydər Əliyev Fondu Həştərxanda layihələrini davam etdirəcək”

Leyla Əliyeva: “Azərbaycan və Heydər Əliyev Fondu Həştərxanda layihələrini davam etdirəcək”
# 31 may 2018 15:08 (UTC +04:00)

“Həştərxan və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Bu gün açılışı olacaq Azərbaycan İş Mərkəzi bu əlaqələrə müsbət təsir edəcək. Həştərxanla Azərbaycan arasında bir çox sahələrdə əlaqələr inkişaf edir. İqtisadi sahədə əməkdaşlıqla yanaşı, humanitar sahədə də əməkdaşlığı inkişaf etdiririk. Azərbaycanın ali məktəbləri ilə Həştərxanın ali məktəbləri arasında əməkdaşlığın potensialı var”.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu sözləri Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdə deyib.

L. Əliyeva qarşı tərəfə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb. O, Heydər Əliyev Fondunun layihələri çərçivəsində Həştərxanda görülən işlərdən danışıb: “Ümid edirəm ki, Azərbaycan dövləti, Heydər Əliyev Fondu bundan sonra da Həştərxanda layihələrini davam etdirəcək”.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, Rusiya ilə əməkdaşlıq bu gün də Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, prezidentlər İlham Əliyev və Vladimir Putinin uzaqgörən siyasəti, göstərilən birgə səylər nəticəsində Azərbaycan-Rusiya əlaqələri müasir dövrdə strateji əməkdaşlıq səviyyəsinə qalxıb: “Ölkə başçısı İlham Əliyevin də dediyi kimi, liderlərimiz arasında qapalı qalan məsələ yoxdur və həlli tələb olunan bir məsələ də mövcud deyil. Ötən il Azərbaycan və Rusiya diplomatik əlaqələr qurulmasının 25 illiyini qeyd etdilər. Bu 25 il ərzində ölkələrimizin mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında əlaqələrdə müşahidə olunan müsbət təcrübəni nəinki qoruması, həm də artırması məmnunluq hissi yaradır. Ötən illər ərzində siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əlaqələr nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Rusiya Federasiyasının subyektləri ilə regionlararası əlaqələr dərinləşib. Son 10 il ərzində Azərbaycanla Həştərxan vilayəti arasında 4 sənəd imzalanıb. Bu sənədlər sosial-iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələri əhatə edir. Bu sənədlər bizi daha da yaxınlaşdırır və əməkdaşlığın üfüqünü genişləndirir. Yüksək səviyyəli şəxslərin qarşılıqlı səfərləri, sadə insanlar arasında əlaqələr, təcrübə mübadilələri müxtəlif səviyyələrdə əməkdaşlığın qurulması və möhkəmlənməsinə xidmət edir. Əlaqələrimizin nə qədər inkişaf etməsinə Həştərxanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələr bariz nümunədir. Bir neçə il əvvəl fondun xətti ilə 11 saylı məktəb bərpa edilib və uşaq bağçası tikilib. Xalqlarımız arasında dostluğun güclənməsinə Azərbaycan diasporu böyük töhfə verir. Diaspor vilayətin ictimai siyasi, sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak edir”.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında Azərbaycan-Rusiya əlaqələrinin səviyyəsindən danışıb. İki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq xarakter daşıdığını söyləyən nazir ötən il ticarət dövriyyəsinin həcminin 22 faiz, bu ilin birinci rübündə isə 30 faiz artdığını vurğulayıb: “Əminəm ki, Həştərxanda Azərbaycan İş Mərkəzinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığa böyük impuls verəcək”.

Azərbaycanlı nazir Həştərxan vilayətinin rəhbərliyini və iş adamlarını bu ilin sentyabrında Gəncə şəhərində keçiriləcək regionlararası foruma dəvət edib.

Sonda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın Rusiyanın regionları ilə əməkdaşlığa xüsusi önəm verdiyini nəzərə çatdırıb.

Qeyd edək ki, görüşdə Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov, I vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bakının Nərimanov rayonunun icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR