Türkiyənin əmək və sosial müdafiə naziri “Məzun evi” sosial müəssisəsində olub

Türkiyənin əmək və sosial müdafiə naziri “Məzun evi” sosial müəssisəsində olub
# 02 fevral 2018 15:13 (UTC +04:00)

Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov J.Sarıeroğluna dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətdəki digər həmyaşıdları kimi həyatda özlərini layiqli şəkildə doğrulda bilmələrinə hərtərəfli imkan yaradılması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib.

“Müəssisədəki iki çoxmənzilli yaşayış binasında bu günədək 222 nəfər gənc mənzillə təmin edilib. Onların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub və hazırda “Məzun evi”ndə 137 ailə vardır. Bu ailələrdə 116 nəfər uşaq böyüyür”, - deyə nazir vurğulayıb.

S.Müslümov qeyd edib ki, hazırda müəssisə üçün üçüncü yaşayış binasının tikintisi də tamamlanmaq üzrədir. Həmin binada “Məzun evi” üçün uşaq bağçasının fəaliyyətə başlaması, müəssisənin ərazisində idman kompleksi və məktəbin tikilməsi, digər bir sıra sosial infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulub.

“Məzun evi”nin sakinlərinin məşğulluğunun təminatı istiqamətində də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdıran nazir bildirib ki, onların böyük əksəriyyəti müxtəlif müəssisələrdə, bir qismi müəssisənin özündəki ştat vahidlərində və s. münasib işlərlə təmin ediliblər: “Eyni zamanda ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Məzun evi”ndə xalça və tikiş sexləri də yaradılıb. Gənc sakinlərdən bir qrupu nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə iş yerləri ilə təmin olunublar. İki gün bundan əvvəl isə “Məzun evi”ndən daha 12 nəfər gəncin yaşıllaşdırma sahəsində daimi işlə təminatı həyata keçirilib”.

J.Sarıeroğlu “Məzun evi”ndə yaradılmış şəraitlə, müəssisədə fəaliyyət göstərən xalça və tikiş sexləri ilə yaxından tanış olub. O, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin hərtərəfli qayğı və dəstəklə təmin edilmələrinin, onlar üçün belə bir yaşayış şəraiti yaradılmasının Azərbaycan dövlətinin güclü sosial siyasət kursuna malik olmasının daha bir əyani nümunəsi olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR