BDU-da qış imtahan sessiyasının gedişi izlənilib

BDU-da qış imtahan sessiyasının gedişi izlənilib
# 17 yanvar 2017 12:39 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, QHT, media və ictimaiyyət nümayəndələri, təhsil ekspertləri BDU-da keçirilən qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, öncə şura üzvləri imtahan prosesini izləyib və tələbələrlə müəyyən söhbətlər aparıblar. Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov, prorektorlar və dekanların iştirakı ilə tələbələrlə görüş keçiriblər. Universitetdə imtahanların təşkili barədə çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilir.

İctimai Nəzarət və Məsləhət Şurasının sədri, professor Əjdər Ağayev Şura haqqında məlumat verib. Bildirib ki, BDU Elmi Şurasının qərarı ilə yaradılan İctimai Nəzarət və Məsləhət Şurasının əsas məqsədi maraqlı tərəflərin BDU-nun idarə olunmasında iştiraka cəlb edilməsi, onun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitetlə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, universitetin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının, təhsil alanların hüquqlarının müdafiəsi, fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri Qənirə Paşayeva, Məlahət Mürşüdlü, Rauf Zeyni, Əlməmməd Nuriyev, Mirzə Cəfərzadə, Ümid Mirzəyev də çıxış edib. Qeyd edilib ki, imtahanlara, eyni zamanda Tədris Elektron Mərkəzi tərəfindən nəzarət edilir, müşahidə kameraları vasitəsilə izlənilir. Tələbələrə təqdim olunan cavab vərəqələri kodlaşdırılır ki, bu da obyektivliyi təmin edir. Yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlığa göndərilməsi xüsusi otaqlarda həyata keçirilir. Sessiyanın gedişində yarana biləcək narazılıqların araşdırılması və həlli məqsədilə Qərargah, apelyasiya komissiyaları, eləcə də “Qaynar xətt” yaradılıb.

Sonra tələbələrin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Müzakirələrdə universitetdə tədris prosesinin təşkili, BDU-da elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, universitetin gələcək inkişafı, müəllim-tələbə münasibətləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR