“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab hazırlanıb

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab hazırlanıb
# 06 oktyabr 2017 15:34 (UTC +04:00)

Beynəlxalq ictimaiyyəti azyaşlı uşaqlara qarşı törədilmiş erməni vəhşiliyi və cinayətləri barədə məlumatlandırmaq məqsədilə “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab hazırlanıb.

APA-nın xəbərinə görə, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mövcud real faktları, məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünya birliyini işğal olunmuş Qarabağ və ətraf rayonlarda xalqımıza, eləcə də uşaqlara qarşı Ermənistan silahlı birləşmələrinin törətdiyi etnik təmizləmə siyasəti, vəhşiliklər və digər cinayətlər barədə bir daha məlumatlandırmaq məqsədilə “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabın hazırlanması qərarına gəlib.

Kitab müharibə nəticəsində həlak olmuş, itkin düşmüş, valideynlərini itirmiş və əlil olmuş uşaqlar haqqında real faktların və rəsmi məlumatların toplanması əsasında hazırlanıb (müəyyən sənədlər və şəkillər müharibə dövründə erməni işğalçıları tərəfindən rayon və şəxsi arxivlərin dağılması nəticəsində itirildiyi üçün kitabda öz əksini tapmaya bilər).

Kitabda erməni vəhşiliyinin şahidi olmuş şəxslərin ifadələri də verilib. Nəşrin ingilis dilinə tərcümə olunmuş variantında atəşkəs dövründə, eləcə də aprel döyüşləri zamanı xəsarət alan uşaqlar barədə də məlumat verilmiş, eləcə də nəşrin elektron versiyası CD formatında da əlavə edilib.

Nəfis poliqrafik üsulda çap olunmuş kitabın tərtibatında Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, eləcə də işğal olunmuş rayonların icra hakimiyyəti strukturları yaxından iştirak edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR