“China UnionPay”ın kart ödənişləri üzrə milli şəbəkə layihəsində iştirakı müzakirə olunub

“China UnionPay”ın kart ödənişləri üzrə milli şəbəkə layihəsində iştirakı müzakirə olunub
# 15 iyul 2015 18:29 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Alim Quliyevin “China UnionPay” beynəlxalq kart təşkilatının prezidenti Şi Ven Çao və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

AMB-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə A.Quliyev tərəfindən qonaqlara ölkənin son on il ərzində iqtisadi inkişaf tempi, həyata keçirilən iqtisadi islahatlar, bank sektorunun cari vəziyyəti və inkişaf perspektivləri haqqında məlumat verilib. Həmçinin, Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin inkişafı və əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr, ödəniş kartları bazarında yaradılmış infrastruktur barədə məlumat qonaqlara açıqlanıb.

Öz növbəsində “China UnionPay” beynəlxalq kart təşkilatının prezidenti Şi Ven Çao təşkilatın ödəniş kartlarının dünyanın 50-dən artıq ölkəsində emissiyasının, 150-dən çox ölkəsində isə ekvayrenqinin həyata keçirildiyini bildirib. Eyni zamanda, “China UnionPay” beynəlxalq kart təşkilatının son illər bir çox ölkələrin ödəniş kartları bazarında sürətli inkişaf tempindən danışılaraq ölkəmizdə mümkün fəaliyyət istiqamətləri və tətbiq olunan yeni məhsullar haqqında məlumat verilib.

Görüş zamanı, həmçinin “China UnionPay” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının gələcək inkişafında rolu və Mərkəzi Bank tərəfindən həyata keçirilən kart ödənişləri üzrə milli şəbəkə layihəsində iştirak istiqamətləri müzakirə olunub.

Qarşılıqlı müzakirələr əsasında keçirilən görüşdə birgə fəaliyyətin koordinasiya olunması və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün hər iki təşkilat tərəfindən aidiyyəti nümayəndələr müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR