Prokuror Beynəlxalq Bankdan 15 milyon mənimsəyən iş adamına cəza istəyib

Prokuror Beynəlxalq Bankdan 15 milyon mənimsəyən iş adamına cəza istəyib
# 28 fevral 2019 15:44 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O deyib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilib. Prokuror R. Allahverdiyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra məhkəmədə Beynəlxalq Bankın nümayəndəsi çıxış edərək, banka dəyən 15 milyon 930 min manatdan 2 milyon 189 min 849 manatın ödənildiyini deyib.

Nümayəndə pulun qalan hissəsinin ödənilməsi üçün mülki iddianın təmin edilməsi məsələsini qaldırıb.

Proses martın 14-də davam etdiriləcək.

İttihama görə, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb. Məlumata görə, R.Allahverdiyev adını dəyişərək, özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib. Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb. Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR