Hacıqabul gölünün bərpasına başlanılacaq

Hacıqabul gölünün bərpasına başlanılacaq
# 20 dekabr 2019 17:10 (UTC +04:00)

"Hacıqabul gölünün bərpası prosesinə başlanılacaq".

APA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib.

O bildirib ki, ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq: "Ekspertiza idarəsinə rəy alınması üçün təqdim olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan “Yuxarı Şirvan kanalının yenidən qurulması” layihəsidir ki, bunun da icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təhciz olunacaq. Layihə təqdim olunub. Növbəti ildən çəkilişinə başlanılacaq. Kanal ətrafında indikindən 4-5 dəfə artıq yaşıllıqlar salınacaq. Həmçinin bu, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq. Digər tərəfdən, indiyədək mövcud olan köhnə kanal ləğv ediləcək. Betonlaşdırılmamış köhnə Şirvan kanalında sızmalar nəticəsində daimi su itkisi baş verirdi və ətraf torpaqların şoranlaşması prosesi gedirdi".

M.Qənbərovun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, bu layihənin iqtisadi, sosial əhəmiyyəti ilə yanaşı, həm də böyük ekoloji əhəmiyyəti olacaq: "Su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq. Çünki yeni çəkiləcək Yuxarı Şirvan kanalından ekoloqların, ETSN-nin tövsiyəsi ilə Hacıqabul gölünə ayrıca qol çəkiləcək. Əlbəttə ki, bu layihəyə də rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq. Çünki birinci mərhələdə 4,7 kilometr ərazidə qazıntı, tikinti işləri gedəcək və ətraf mühitə müəyyən təsirlər göstəriləcək. Dinləmələrdə layihənin daha böyük əhəmiyyəti nəzərə alınacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR