Ötən il Azərbaycanda 2365 nəfər müəllim adını qazanıb

Ötən il Azərbaycanda 2365 nəfər müəllim adını qazanıb
# 05 yanvar 2017 10:15 (UTC +04:00)

Ötən il respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi keçirilib. İmtahanın nəticəsinə görə, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.

Ötən il ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə oğlanlar üçün ailə tipli kiçik qrup evi tikilib və 6 internat məktəbi əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR