Cavid Hüseynov: "Əvəzlənməyəcək futbolçu deyiləm" - MÜSAHİBƏ

Cavid Hüseynov: "Əvəzlənməyəcək futbolçu deyiləm" - MÜSAHİBƏ
# 19 dekabr 2019 18:59 (UTC +04:00)

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"i 105+2-ci dəqiqədə vurulan qol sayəsində 1:0 hesabı ilə məğlub edən "Zirə" yarımfinala yüksəlib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra "Zirə"nin kapitanı Cavid Hüseynov brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Son vaxtlar sakitləşsəniz də, bu gün meydanda olduqca emosional görünürdünüz. Bu, nə ilə bağlı idi?
- Yalnız qələbə qazanmağı düşünürdüm. Aqressivliyim bir anlıq da "boşalmamaq" istəyindən irəli gəlirdi. Çünki belədə rəqib bizi cəzalandıra bilər.

- Bu səbəbdən əvəzləndiniz?
- Baş məşqçi dəyişiklik qərarına gəldi, mən də buna hörmətlə yanaşıram. Əvəzlənməyəcək futbolçu deyiləm. Əlbəttə ki, əvəzlənməyim mənim üçün xoş deyildi. Ancaq məşqçinin qərarı idi, nə etmək olar?

- Əsəbiliyiniz özünüzə idi? Hücumlar zamanı anlaşma istədiyiniz kimi deyildi?
- Yəni hücumda daha kəsərli ola bilərdik. "Səbail" üzərində 4:1 hesablı qələbə qazandığımız oyunu istəyirdim. Bu alınmırdı.

- Çempionat oyununda "Səbail"i böyük hesabla məğlub etsəniz də, kubokda hər iki matçda 90 dəqiqə ərzində qol vura bilmədiniz...
- "Səbail"in baş məşqçisi Aftandil Hacıyev yəqin ki, bunun üzərində işləyib. Rəqib bu gün bizi birinci zonada qarşılayırdı. Mərkəz müdafiəçilərimiz ayaqlarında top saxlayan kimi, rəqib onlara pressinq edirdi. Bu üzdən müdafiəçilərimiz topu bizə ötürə bilmirdilər. Hamısı savadlı məşqçilərdir, analiz qabiliyyətləri yüksəkdir.

- Mövsümün ilk yarısını "Zirə" üçün necə qiymətləndirmək olar?
- Premyer Liqada daha yaxşı ola bilərdik. İtirdiyimiz xallara baxdıqda ilk "dördlük"də olsaydıq, bunu yaxşı nəticə saymaq olardı. Hazırda 5-ci pillədə qərarlaşmışıq və "Sumqayıt"dan 1 xal geridəyik. Düzdür, bu, hələ heç nə demək deyil. Hələlik bu da qane edir. Çünki cəmi 1 xallıq fərqimiz var. Qış fasiləsindən sonra həm çempionatda, həm də ölkə kubokunda mübarizəmizi davam etdirək.

- Öz çıxışınızı necə qiymətləndirirsiniz?
- Normal. Bundan yaxşı ola bilərdi. Hələ tam istədiyim Cavid deyiləm.

- Nikola Yurçeviçin gedişindən sonra milli komandaya Robert Prosineçkinin dönüşü müzakirə olunur. Bu barədə nə düşünürsünüz?
- Əsasən Prosineçkinin üzərində dayanırlar. Onun rəhbərliyi altında oynamışıq, həm məşqçiliyindən, həm də insanlığından heç kimin narazılığı olmayıb. Hamı razılıq bildirib. Gələrsə, xoş olar.

- Tərlan Əhmədov və Samir Abasovun da adı milli ilə birgə hallanır. Sizcə, onlar yığmanı çalışdırmağa hazırdırlar?
- Bunu özlərindən soruşsanız daha yaxşı olar. Desəm ki, hazırdırlar, yalan danışmalı olacağam. Desəm ki, hazır deyillər, bu da pis çıxacaq.

- Ölkənin ən güclü məşqçisi sayılan Qurban Qurbanov bir il ərzində millidə istəniləni verə bilmədi. Abasov və ya Əhmədov onun edə bilmədiyini bacararmı?
- Bu sualı cavablandırmaqda çətinlik çəkirəm. Yalan danışmaq istəmirəm. Bəlkə, həqiqətən də, bacararlar. Bunu işləsələr, zamanla bilmək olar.

- Təxminən 15 günlük istirahət olacaq. Planlarınız nələrdir: Dubay, İspaniya...?
- Xeyr, əvvəlki dönəm deyil, bunlar bitdi artıq. Hələ bu haqda fikirləşməmişəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR