Dövlət zəmanəti ilə alınmış kreditlərin məbləği açıqlanıb

Dövlət zəmanəti ilə alınmış kreditlərin məbləği açıqlanıb
# 06 mart 2019 16:45 (UTC +04:00)

Keçən il dövlət zəmanəti əsasında beynəlxalq maliyyə kredit təşkilatlarından 2 milyard 2,340 milyon dollar kredit alınıb.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib Ki, dövlət tərəfindən prioritet hesab edilən layihələr üzrə birbaşa və dövlətə məxsus şirkətlərə dövlət zəmanətinin verilməsi ilə beynəlxalq maliyyə kredit təşkilatlarından 2018-ci ildə aşağıdakı borclanmanın həyata keçirilməsinə dair qərarlar qəbul edilib:

- “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi və bu yataqdan hasil olunacaq qazı Avropa bazarlarına çatdırmaq üçün həyata keçirilən layihələrdə (Cənub Qaz Nəqliyyat Dəhlizi layihəsi) Azərbaycanı təmsil edən “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsi üçün yeni kreditlərin cəlb edilməsi haqqında;

- “M-2, Cəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (130 km) 4 zolağa genişləndirilməsi” və “R-42, Bəhramtəpə-Biləsuvar avtomobil yolunun (60 km) yenidən qurulması” layihələrinin maliyyələşdirilməsi haqqında;

- “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün tədbirlərin maliyyələşdirilməsi haqqında;

- İdarəetmə və dövlət sektorunun səmərəliliyinin təkmilləşdirilməsi üzrə tədbirlərin maliyyələşdirilməsi haqqında;

- “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun “EP-300” qurğusunun modernləşdirilməsi və yenidən qurulmasının maliyyələşdirilməsi haqqında.

Ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyəti olan həmin sahələri əhatə edən bu layihələri maliyyələşdirmək məqsədilə 2018-ci ildə beynəlxalq maliyyə kredit təşkilatları ilə dövlət zəmanəti əsasında təqribən 2 milyard 2,340 milyon dollar məbləği ekvivalentində 6 kredit sazişi imzalanıb. Müxtəlif beynəlxalq maliyyə kredit təşkilatları tərəfindən ayrılan həmin kreditlər strukturuna görə aşağıdakı kimi təsnif olunur:

- Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə “Credit Agricole Corporate And İnvestment Bank”, “İNG Bank”, İNG-DİBA AG-nin filialı, “Cociete Generale”, “Citibank, N.A.”, “Santander Bank, N.A”, banklar qrupu (sendikatlaşdırılmış 1 kredit) - 750 milyon dollar;

- Avropa Yenidənqurma və İnkişaf Bankı (1 kredit) – 450 milyon dollar;

- Asiya İnkişaf BANKI (2 kredit) – 400 milyon dollar;

- “Credit Suisse AG” Bankı (1 kredit) – 134 milyon İsveçrə frankı;

- “Qazprombank” SC (1 kredit)– 260 milyon dollar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR