MSK sədrinin xəbərdarlığından sonra 6 partiya maliyyə hesabatını təqdim edib

MSK sədrinin xəbərdarlığından sonra 6 partiya maliyyə hesabatını təqdim edib
# 13 aprel 2017 09:56 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının ötən ilin maliyyə hesabatlarını təqdim etməyən 19 siyasi partiyaya xəbərdarlığından sonra ötən bir həftə ərzində bu partiyalardan 6- MSK-ya maliyyə hesabatlarını təqdim edib.

APA-nın məlumatına görə, MSK-nın rəsmi saytında həmin partiyaların hesabatları yerləşdirilib.

Bu partiyalar Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokrat Partiyası və Milli Konqres Partiyasıdır. 13 partiya - Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Sosial Ədalət Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası və Azərbaycan Tərəqqi Partiyası hələ də hesabatlarını təqdim etməyib.

Xatırladaq ki, bu il keçən il üzrə maliyyə hesabatlarını təqdim etməyən partiyalardan 3-ü ötən 2 il ərzində də MSK-ya maliyyə hesabatlarını təqdim etməyib. Başqa sözlə, keçən il Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası 2015-ci il üzrə maliyyə hesabatlarını təqdim etməyib. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Vətənpərvərlər Partiyası 2015-ci ildə də 2014-cü il üzrə maliyyə hesabatlarını təqdim etməyib.

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib. Qanunvericiliyə əsasən partiyalar hər il aprelin 1-ə qədər ötən ilin maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR