Tarif Şurası qiyməti ucuzlaşdırılan dərmanların siyahısında tələbat çox olanların azlıq təşkil etməsinə dair iddialara münasibət bildirib

Tarif Şurası qiyməti ucuzlaşdırılan dərmanların siyahısında tələbat çox olanların azlıq təşkil etməsinə dair iddialara münasibət bildirib
# 05 avqust 2015 10:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ölkədə 4 500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsi var və bu dərman vasitələrinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı müxtəlif olduğundan qiyməti tənzimlənəcək dərman vasitələrinin sayı qeyd olunan rəqəmdən də çoxdur.

Bu baxımdan ilk növbədə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə müəyyənləşdirilib və qiymət tənzimlənməsinə həmin təsiredici maddələrə malik dərmanlardan başlanılıb”.

Bunu APA-ya Tarif Şurasının Katibliyindən bəzi ekspertlərin 250-dən çox dərman vasitəsinin siyahısında həyati vacib və daha çox tələbat olan dərmanlar azlıq təşkil etməsinə münasibət bildirərkən deyiblər.

Katiblikdən bildirilib ki, həmin 25 təsiredici maddə üzrə ölkəmizdə 600-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb ki, bu da 1 təsiredici maddə üzrə orta hesabla 24 dərman vasitəsi deməkdir: “Yəni həmin tərkibli dərman vasitələrinə tələbat daha çoxdur”.

Qeyd edək ki, iyulun 30-da Tarif (qiymət) Şurasının iclasında dərman vasitələrinin ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib.

Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR