Azərbaycanda ilk özəl kredit bürosu təsis olunub

Azərbaycanda ilk özəl kredit bürosu təsis olunub
# 19 aprel 2017 15:05 (UTC +04:00)

Bu gün Bakıda ilk özəl kredit bürosunun təsis sənədləri imzalanıb. “APA-Economics” xəbər verir ki, sənəd 20-yə yaxın yerli maliyyə təşkilatı və dünyada kredit məlumatları və risklərin idarəolunması sahəsində aparıcı xidmət təchizatçısı kimi tanınan “Creditinfo” şirkəti tərəfindən imzalanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin rəhbəri Asim Zülfüqarov deyib ki, özəl kredit bürosunun yaradılması maliyyə sabitliyinin təmin edilməsinə, maliyyə institutlarının effektivliyinin artırılmasına, kredit təşkilatlarının sorğularının daha çevik cavablandırılmasına, potensial itkilərin öncədən qiymətləndirilməsinə xidmət edəcək. "Hazırda yetkin əhalinin 36%-nin kredit tarixçələri Mərkəzləşdirilmiş Kredit Reyestrində toplanıb. Özəl kredit bürosunun yaradılması ilə bu rəqəm qat-qat artacaq. Bütövlükdə, özəl kredit bürosunun yaradılması ilə qarşıya qoyulmuş strateji hədəflərə nail olunacaq", - deyə o qeyd edib.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova bildirib ki, yeni yaradılan özəl kredit bürosu risklərin idarəolunmasının effektivliyini təmin edəcək: “Hazırda bank-maliyyə sektoru transformasiya prosesindədir. Bu isə struktur islahatların həyata keçirilməsini zəruri edir. Biz ümid edirik ki, özəl kredit bürosu bu məqsədə xidmət edəcək”.

“Creditinfo” şirkətlər qrupunun təsisçisi və rəhbəri Reynir Qretarsson bildirib ki, hazırda mövcud olan dövlət kredit reyestri ilə müqayisədə özəl kredit bürosunun istifadəçi sayı daha çox, məlumat mənbələri isə daha geniş olacaq. “Məsələn, burada lizinq şirkətlərinin, eləcə də qeyri-ənənəvi kreditorların, o cümlədən mobil operatorların, ticarət krediti və kommunal müəssisələrinin maliyyə məlumatları nəzərə alınacaq. Bütün

borcların bir faylda göstərilməsi maliyyə təşkilatları və kreditorlara riskləri daha səmərəli qiymətləndirməyə kömək edərək borclanma xərclərini azaldacaq və kredit məhsullarının əlçatanlığını artıracaq”, - deyə R. Qretarsson qeyd edib.

Qeyd edək ki, “Kredit büroları haqqında” qanun ötən ilin sentyabrında qəbul olunub. Qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.

Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Kredit bürolarında toplanmış məlumat bazasından borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR