Arif Əsgərovun dələduzluqda təqsirləndirilən qohumunun məhkəməsində şahidlər dindiriləcək

Arif Əsgərovun dələduzluqda təqsirləndirilən qohumunun məhkəməsində şahidlər dindiriləcək
# 27 oktyabr 2017 08:40 (UTC +04:00)

Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili onun atasının və əlavə şahidlərin məhkəmədə dindirilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib

Proses noyabrın 13-də davam edəcək.

İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

E.Hüseynov “Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur.

Onun qardaşı Rahib Hüseynov da külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun cinayət işi üzrə bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR