Taleh Bağırov və digərlərinin məhkəməsinin keçirildiyi zalda dəmir barmaqlıqlar şüşə qəfəslə əvəz olunub - YENİLƏNİB

Taleh Bağırov və digərlərinin məhkəməsinin keçirildiyi zalda dəmir barmaqlıqlar şüşə qəfəslə əvəz olunub - <span style="color: red;">YENİLƏNİB
# 07 noyabr 2016 15:21 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxslər və vəkillər dəmir barmaqlıqların şüşə qəfəslə əvəz edilməsinə narazılıqlarını bildiriblər. Vəkil Nemət Kərimli deyib ki, məhkəmədə bu cür şərait Avropada artıq ləğv edilib.

Daha sonra iclasda şahid Rasim Aslanov ifadə verib. Bildirib ki, ötən il noyabrın 5-də evinə gedən zaman bir qrup şəxsin Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşdığını görüb, oraya yaxınlaşıb. Bu zaman polislər onu tutublar: "Məni bir gün saxladılar. Bildilər ki, kiminləsə əlaqəm yoxdur buraxdılar".

Şahid həmin vaxt saxlanılan şəxslərə Sabunçu rayon Polis İdarəsində işgəncə verilməsini gördüyünü də deyib. Prokuror ondan daş atanları görüb-görməməsini soruşub. O, belə bir halın şahidi olmadığını deyib.

R. Aslanov ibtidai istintaq zamanı ifadəsində isə bildirib ki, 5 noyabr 2015-ci il tarixdə saat 20 radələrində «Əbülfəz Ağa» məscidində namaz qılandan sonra orada Elçin Qasımovun polisə aparıldığını eşidib, məscidin qarşısında toplaşmış tanımadığı dindarların gedib Sabunçu polisindən nə səbəbə Elçinin tutulmasını soruşmaları təklifinə əsasən nömrəsi və sürücüsü yadında qalmadığı şəxsin avtomaşınına digər namaz qılan dindarlarla minərək Sabunçu RPİ-nin qarşısına gəlib. Orada təxminən yüzə yaxın qəsəbə sakini yığılıb və o, polis idarəsinin qarşısında digər dindarlarla durub. Polis əməkdaşları onlara 2-3 ağsaqqal nümayəndənin içəri keçib söhbət etməsini təklif edib. Adlarını bilmədiyi yaşlı Maştağa qəsəbə sakinləri polis idarəsinə keçib, 10 dəqiqə sonra çıxıb “Elçini sabah buraxacaqlar, anlaşılmazlıq olub, qayıdıb evlərə dağılışaq” deyiblər. Bu zaman arxada duranlardan kimlərsə polisə daş atmağa başlayıb və qışqırıb «getməyək, duraq, Elçini istəyirik» deyib. Beləliklə, ara qarışıb, bu sözləri kimlərin dediyini bilməyib.

Sonra prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Afiq Şükürov ifadə verib.

O bildirib ki, ötən il noyabrın 5-də baş vermiş hadisələr zamanı başına daş dəyib: "Bu zaman huşumu itirdim. Ayılanda hospitalda idim. On gün orada müalicə olundum".

Vəkillər isə onun ifadəsində ziddiyyət olduğunu deyiblər. Onun istintaqa verdiyi ifadə elan edilib. Həmin ifadədə o, bildirib ki, başına daş dəyəndən sonra ayağa qalxıb və özünü pis hiss etdiyi üçün evə gedib.

Vəkil Yalçın İmanov deyib ki, Təcili Tibbi Yardım Stansiyasından onun sorğusuna cavab verilib və orada şahidə tibbi yardım göstərildiyi qeyd olunub. Lakin o, harasa aparılmayıb.

Daha sonra iclasda şahid Mötəbər Babayev ifadə verib. O bildirib ki, ötən il noyabrın 25-də Nardarana gedib, növbəti gün səhər isə oradan Biləcəridə qaldığı evə qayıdıb: "Həmin gün eşitdim belə hadisə olub. Mən də Nardarana getdim. Postlar qurulduğu üçün Nardarandan çıxa bilmədim. Dörd gündən sonra oradan çıxıb Sabirabada evimizə getdim. Orada məni tutub Polis Şöbəsinə apardılar".

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını iddia edib. Vəkillər də onu dəstəkləyən çıxış ediblər.

O, istintaq zamanı ifadəsində isə göstərib ki, 25 noyabr 2015-ci il tarixdə axşam saatlarında Hacı Əbülfəzin evinə gedib və orada ona məlum olub ki, Taleh Bağırov və tərəfdarları Azərbaycanda İslam dövləti yaratmaq niyyətindədirlər. T. Bağırov polislər həyətə daxil olarsa, onlara atəş açmaq lazım olduğunu deyib. Həmin gün Taleh Bağırovun göstərişi ilə Əkbər və Abbas adlı şəxslər bir neçə nəfərlə kisələrdə silah və sursat gətiriblər. Ona patronları ilə birlikdə avtomat silah verilib. Növbəti gün Biləcəridə qaldığı evə qayıdıb. Evdə olduğu zaman Nardaranda silahlı toqquşma olduğunu eşidib yenidən Nardarana qayıdıb. Orada postlar qurulduğundan qəsəbəni tərk edə bilməyib. O, evinə qayıdıb silahı təhvil vermək istəsə də, qorxusundan bunu etməyib. Dörd gündən sonra Nardarandan çıxıb evdən silahı götürüb və Sabirabad rayonunun Xankeçən kəndinə gedib. Orada isə küçədə T. Bağırovu söydüyü üçün polis əməkdaşları tərəfindən saxlanılıb. O, polis əməkdaşı ilə mübahisə etdiyinə görə Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə həbs edilib. Polis şöbəsində olduğu zaman cinayətlər barədə ondan soruşulduqda, Nardaran qəsəbəsində ona verilmiş avtomat silah barədə bildirib.

Sonra iclasda şahid qismində Tural Allahverdiyev ifadə verib. O, istintaq zamanı ifadəni oxumadan imzaladığını deyib: “Fikirləşdim ki, dediklərim yazılar. Ona görə də oxumadan imzaladım. Mən ötən il noyabrın 5-də Sabunçu rayon Polis idarəsinin qarşısında olmuşam. Orada polislər məni tutdular. Elə bildilər ki, onlara daş atmışam. Lakin biləndə ki, daş atan mən olmamışam buraxdılar”.

Vəkillər isə onun istintaqa verdiyi ifadənin elan edilməsini istəyiblər. Hakim onun ifadəsini elan edib. İfadədə o, bildirib ki, Abbas Hüseynovu tanıyır: “Abbas mənə zəng edərək dedi ki, Taleh Bağırov həbsdən çıxacaq. Onu bayraqlarla qarşılamaq lazımdır. O bizim liderimiz və gələcək prezidentimizdir. Mən də ona belə söhbət etməməsini dedim. Lakin Abbas dedi ki, kim eşidir eşitsin. Taleh Bağırov bizim gələcək prezidentimizdir. Mən Taleh Bağırovu qarşılamağa getmədim. Gördüm ki, Taleh Bağırov və tərəfdarları silahlanmaqdan, İslam dövləti yaratmaqdan danışırlar, onlardan uzaqlaşdım”.

Şahid isə belə ifadə vermədiyini deyib.

Daha sonra iclasda zərərçəkmiş qismində 15-ci Polis Bölməsinin əməkdaşı Mehman Mədətov ifadə verib. O bildirib ki, ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı dizindən yüngül xəsarət alıb, ona daş dəyib.

Zərərçəkən ibtidai istintaq zamanı ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu rayon polis idarəsinin qarşısında iğtişaş törədən kütlənin içindən atılan daşlardan bir neçəsinin ayaq nahiyəsinə dəyərək zədələdiyini, kütləni qızışdıran “Ağaəli” adlı şəxsi tanıdığını göstərib.

Daha sonra iclasda şahid- Sabunçu RPİ-nin PPX-nin polis nəfəri Bəhruz Haqverdiyev ifadə verib. O, 5 noyabrda baş vermiş hadisələr zamanı idarənin arxasında dayandığını, hər hansı hadisənin şahidi olmadığını deyib.

Bəhruz Haqverdiyev istintaq zamanı ifadəsində isə bildirib ki, 5 noyabr 2015-ci il tarixdə saat 22 radələrində təxminən 100-150 nəfər kişi cinsli, əsasən Nardaran-Maştağa kənd sakinlərinin Sabunçu RPİ-nin inzibati binasının qarşısına toplaşaraq idarəyə gətirilmiş Elçin Qasımovun buraxılmasını hədə-qorxu və aqressiv şüarlarla tələb ediblər. Onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, inzibati binaya hücum edib, əllərindəki daş, dəmir parçalarını polis əməkdaşlarına tərəf atıblar.

Şahid Nurməmmədov Əli Novruz oğlu isə prosesdə ifadə verərək bildirib ki, bir neçə gün əvvəl Sabunçu rayon Polis İdarəsinə aparılıb: “Ona yaxın şahid idarəyə aparıldıq. Orada bir müddət oturduqdan sonra çıxıb getdik. Mənimlə hər hansı söhbət aparılmayıb”.

Şahid T. Bağırovu tanısa da, onun xütbə oxuduğu məclislərdə iştirak etmədiyini deyib.

T. Bağırov isə onun istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini istəyib. Hakim onun ifadəsini elan edib.

O, ifadəsində deyib ki, Talehin dini mövzularla yanaşı, əsasən siyasət məsələləri ilə bağlı öz tərəfdarları qarşısında çıxışlar etdiyini, tərəfdarlarını, sadə vətəndaşları hicaba sahib çıxmağa, zülmə boyun əyməməyə, mövcud hakimiyyətə qarşı birləşməyə, birləşib sonadək hakimiyyətə qarşı mübarizə aparmağa, mövcud rejimi devirib Azərbaycanda dini qanunlarla idarə olunan dövlət qurmağa çağırdığını izləyib. Həmin çıxışlarında Taleh tərəfdarlarına tutduqları yolun haqq yolu olduğunu, insanları bu yolda şəhid olmağa, canlarından, qanlarından keçməyə səsləyib.

Təqsirləndirilən Cabbar Cabbarov isə hakimləri işə məsuliyyətsiz yanaşmaqda ittiham edib. Hakim isə ona iradını bildirərək zaldan çıxarılacağını deyib.

Proses noyabrın 11-dək təxirə salınıb.

***

saat 14.14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxslər və vəkillər dəmir barmaqlıqların şüşə qəfəslə əvəz edilməsinə narazılıqlarını bildiriblər. Vəkil Nemət Kərimli deyib ki, məhkəmədə bu cür şərait Avropada artıq ləğv edilib.

Daha sonra iclasda şahid Rasim Aslanov ifadə verib. Bildirib ki, ötən il noyabrın 5-də evinə gedən zaman bir qrup şəxsin Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşdığını görüb, oraya yaxınlaşıb. Bu zaman polislər onu tutublar:"Məni bir gün saxladılar. Bildilər ki, kiminləsə əlaqəm yoxdur buraxdılar".

Şahid həmin vaxt saxlanılan şəxslərə Sabunçu rayon Polis İdarəsində işgəncə verilməsini gördüyünü də deyib. Prokuror ondan daş atanları görüb-görməməsini soruşub. O, belə bir halın şahidi olmadığını deyib.

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Afiq Şükürov ifadə verib.

O bildirib ki, ötən il noyabrın 5-də baş vermiş hadisələr zamanı başına daş dəyib: "Bu zaman huşumu itirdim. Ayılanda hospitalda idim. On gün orada müalicə olundum".

Vəkillər isə onun ifadəsində ziddiyyət olduğunu deyiblər. Onun istintaqa verdiyi ifadə elan edilib. Həmin ifadədə o, bildirib ki, başına daş dəyəndən sonra ayağa qalxıb və özünü pis hiss etdiyi üçün evə gedib.

Vəkil Yalçın İmanov isə deyib ki, Təcili Tibbi Yardım Stansiyasından onun sorğusuna cavab verilib və orada şahidə tibbi yardım göstərildiyi qeyd olunub. Lakin o, harasa aparılmayıb. Şahid bu ziddiyyətin səbəbin izah edə bilməyib.

Daha sonra iclasda şahid Mötəbər Babayev ifadə verib. O bildirib ki, ötən il noyabrın 25-də Nardarana gedib, növbəti gün səhər isə oradan Biləcəridə qaldığı evə qayıdıb: "Həmin gün eşitdim belə hadisə olub. Mən də Nardarana getdim. Postlar qurulduğu üçün Nardarandan çıxa bilmədim. Dörd gündən sonra oradan çıxıb Sabirabada evimizə getdim. Orada məni tutub Polis Şöbəsinə apardılar və boynuma silah ittihamın qoydular".

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR