Azərbaycanın sənaye parklarında gəmi istehsal edəcək sahibkarlara kompleks vergi güzəştləri tətbiq olunacaq

Azərbaycanın sənaye parklarında gəmi istehsal edəcək sahibkarlara kompleks vergi güzəştləri tətbiq olunacaq
# 08 sentyabr 2015 14:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan hökuməti ölkədə sənaye parklarının su nəqliyyatı vasitələrinin (tutumundan və təyinatından asılı olmayaraq gəmi, platforma, üzən qurğu və ya onların ayrı-ayrı hissələri) istehsalçısı olan, sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə vergi güzəştləri tətbiq etməyə hazırlaşır.

APA-nın məlumatına görə, bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi bir neçə qanun layihəsi və qərara dəyişikliklərlə bağlı layihələr hazırlayaraq ictimai müzakirəyə çıxarıb.

İctimai müzakirəyə çıxarılan “Vergi Məcələsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkının su nəqliyyatı vasitələrinin (tutumundan və təyinatından asılı olmayaraq gəmi, platforma, üzən qurğu və ya onların ayrı-ayrı hissələri) istehsalçısı olan, sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən və ya onun adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən ödəmə mənbəyində vergi tutulmayacaq. Bu sahibkarlar tərəfindən və ya onların adından ödənilən icarə haqqı və royaltidən də ödəmə mənbəyində vergi tutulmaması təklif edilir. Həmin sahibkarlara qeyri-rezident podratçı və subpodratçı tərəfindən Azərbaycan Respublikası ərazisində təqdim edilən mallar, görülən işlər və göstərilən xidmətlərə görə ödənişlərdən, riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödənişlərindən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və nəqliyyat xidmətləri üçün ödənişlərdən ödəmə mənbəyində vergi tutulmayacaq.

Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında su nəqliyyatı vasitələrinin (tutumundan və təyinatından asılı olmayaraq gəmi, platforma, üzən qurğu və ya onların ayrı-ayrı hissələri) istehsalçısı olan, sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, onun podratçı və subpodratçıları tərəfindən istehsal sahələrinin tikintisi, genişləndirilməsi və su nəqliyyatı vasitələrinin tikintisi və təmiri ilə əlaqədar təyinat və təsnifatından asılı olmayaraq bütün növ mal, xammal, materiallar və avadanlıqlar və ya onların hissələrinin idxalının vergi ödəməkdən azad edilməsi təklif olunub. Layihəyə əsasən bu sahədə fəaliyyət göstərən istehsalçılar tərəfindən gəmi tikintisi və təmiri ilə bağlı sifarişçiyə, podratçı və subpodratçı tərəfindən həmin rezidentə və ya podratçıya və subpodratçıya təqdim edilən mallar (su nəqliyyatı vasitələri daxil olmaqla), görülən işlər və göstərilən xidmətlərə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulacaq. İqtisadiyyat və Sənaye Nazirliyi Miqrasiya Məcəlləsinə də bu istiqamətdə dəyişikliklərlə bağlı layihə təqdim edib. Miqrasiya Məcəlləsinə təklif edilən və ictimai müzakirəyə çıxarılan bu dəyişikliklər parlamentdə qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkının su nəqliyyatı vasitələrinin (tutumundan və təyinatından asılı olmayaraq gəmi, platforma, üzən qurğu və ya onların ayrı-ayrı hissələri) istehsalçısı olan, sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs və onun podratçısı tərəfindən cəlb edilən əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə alınması tələb olunmayacaq, əcnəbi işçi qüvvəsinin cəlb edilməsinə əmək miqrasiyası kvotası şamil olunmayacaq. Qanun layihələrinin 2016-cı ilin 1 mart tarixindən qüvvəyə minməsi təklif olunub.

Qanunlara ediləcək dəyişikliklərə müvafiq olaraq Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” və “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” qərarlarına da dəyişiklik təklif olunub. Başqa sözlə, 2016-cı ilin 1 mart tarixindən Qaradağ Sənaye Parkının su nəqliyyatı vasitələri istehsalçısı olan rezidenti tərəfindən gəmiqayırma və gəmi təmiri ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin təsdiqedici sənədi əsasında təyinat və təsnifatından asılı olmayaraq ölkəyə gətirilən bütün növ mal, xammal, materiallar və avadanlıqlar və ya onların hissələrinin – rezidentin sənaye parkında qeydiyyata alındığı tarixdən 7 il müddətinə gömrük idxal rüsumuna cəlb edilməməsi, əlavə dəyər vergisindən azad edilməsi təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR