Azərbaycanın aqrar sektorunda yaxın illərdə sabit artım gözlənilir

Azərbaycanın aqrar sektorunda yaxın illərdə sabit artım gözlənilir
# 13 noyabr 2012 12:29 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 2013-cü ildə 5,1%, növbəti üç ildə isə orta hesabla 5,3% artım proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu zaman aqrar sektora dövlət dəstəyi tədbirlərinin, o cümlədən vergi güzəştlərinin, subsidiyalaşmanın, aqrolizinq və aqroservis xidmətlərinin davam etdiriləcəyi, intensiv metodların və müasir texnologiyaların tətbiqinə üstünlük veriləcəyi, iri taxılçılıq təsərrüfatlarının yaradılacağı, müasir texnologiyalara əsaslanan iri heyvandarlıq komplekslərinin, quş əti və yumurta istehsal edəcək quşçuluq fabriklərinin istifadəyə veriləcəyi, habelə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflər nəzərə alınıb. «Dövlət başçısı tərəfindən respublikada ərzaq təhlükəsizliyini davamlı olaraq gücləndirmək məqsədi ilə ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4 800 hektar qış otlaq sahələrində Özəl Pilot Taxılçılıq Təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Bununla əlaqədar, torpaqların təyinatı dəyişdirilib, dövlət investisiyaları hesabına su və enerji təminatı yaradılıb, kompleks meliorativ tədbirlər görülüb, hazırda ərazidə müasir suvarma sistemləri qurulur və əkinə başlanılıb», - deyə nazir vurğulayıb.

Ş.Mustafayev qeyd edib ki, layihə çərçivəsində 30 min tonluq müasir taxıl anbarı, 1 min başlıq müasir heyvandarlıq kompleksi, müasir bitki yağları istehsalı zavodu inşa olunacaq və müasir aqroservis yaradılacaq. Təsərrüfatda 350-400 nəfər daimi işlə təmin olunmaqla yanaşı, müasir texnologiyaların tətbiqi nəticəsində məhsuldarlığın respublika üzrə orta göstəricidən minimum 2 dəfə artıq olacağı gözlənilir.

«Güzəştli kreditlər hesabına aqrar sektor üzrə müasir texnologiyalara əsaslanan layihələrin maliyyələşdirilməsi ilə istifadəyə verilmiş və tikintisi davam etdirilən müəssisələr hesabına kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması imkanları daha da artacaq. Belə ki, maliyyələşdirilmiş layihələrə tutumu 130,4 min ton olan 40 soyuducu anbar, tutumu 322 min ton olan 21 taxıl anbarı, ilik istehsal gücü 66 mln. ədəd damazlıq və 155 mln. ədəd əmtəəlik yumurta, 40 min ton quş əti olan 32 quşçuluq təsərrüfatı, illik istehsal gücü 70 min ton süd və 1,7 min ton ət olan 12 650 başlıq 10 cins iribuynuzlu heyvandarlıq kompleksi, 50 ha ərazidə illik istehsal gücü 17,4 min ton tərəvəz məhsulları, 10 intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatları, 583 ha ərazidə illik istehsal gücü 14,6 min ton üzüm olan 10 üzümçülük təsərrüfatı, illik istehsal gücü 88 min ton olan 11 meyvə-tərəvəz emalı zavodu, illik istehsal gücü 126 min ton olan 7 süd emalı zavodu, illik istehsal gücü 13 min ton ət emalı və 68 min ton ət kəsimi olan 7 ət emalı müəssisəsini misal göstərmək olar», - deyə Ş.Mustafayev bildirib.

Ş.Mustafayev onu da qeyd edib ki, bununla yanaşı, qəbul olunmuş üzümçülük proqramının icrası, yaradılan toxumçuluq və aqroservis müəssisələri ixrac yönlü, keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının artımına imkan verəcək. Dövlət Proqramının icrası ilə əlaqədar 30 layihənin, o cümlədən müasir texnologiyaların tətbiqi ilə 400 ha üzüm əkilməsinə güzəştli kreditlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR