Daxili işlər nazirinin müavini jurnalistləri peşə kodeksinə hörmətlə yanaşmağa çağırıb

Daxili işlər nazirinin müavini jurnalistləri peşə kodeksinə hörmətlə yanaşmağa çağırıb
# 10 noyabr 2012 08:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov ATƏT və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda seminarda bildirib.

O. Zalov qeyd edib ki, polis-media münasibətlərinin daha da genişləndirilməsində DİN-in tərkibində 2001-ci ilin sentyabrında İdarə səlahiyyətli quruma çevrilən Mətbuat Xidmətinin də özünəməxsus rolu var: “Əsas vəzifələrindən biri daxili işlər orqanlarının gündəlik fəaliyyəti barədə ölkə ictimaiyyətini və kütləvi informasiya vasitələrini vaxtında, dolğun və operativ şəkildə məlumatlandırmaq, zəruri hallarda həmin mətbu orqanlarda çıxışlar etmək və təkziblərin verilməsi olan Mətbuat Xidmətinə yerli və xarici KİV-dən hər gün təqribən 50, bəzən daha çox şifahi sorğu daxil olur. Həmin sorğuların demək olar ki, hamısı "Kütləvi informasiya vasitələri haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlara müvafiq olaraq operativ şəkildə və ətraflı cavablandırılır. Yalnız dövlət və ya istintaq sirrinə aid məlumatlara dair müraciətlərin cavablandırılmasından imtina olunur ki, bu barədə sorğu göndərən KİV-ə əsaslandırılmış cavablar verilir. Təsadüfi deyil ki, sıx, səmərəli əməkdaşlığa, jurnalistlərin suallarını vaxtında və ətraflı cavablandırdığına görə nazirliyin Mətbuat Xidməti, uzun illərdir ki, dövlət strukturlarının analoji orqanları arasında mediaya ən açıq qurumlardan biri kimi tanınır. Azərbaycan Konstitusiyasında təsbit olunmuş məlumat azadlığı hüququnun həyata keçirilməsi ilə bağlı görülən işlərin səmərəsinin daha da artırılması, daxili işlər orqanlarının fəaliyyətini, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində işini əks etdirmək, eləcə də ərizə və müraciətlərin elektron vasitələrlə qəbul olunmasını təşkil etmək məqsədilə nazirliyin İnternet saytı və elektron poçt ünvanı artıq 2005-ci ildən ictimaiyyətin və KİV nümayəndələrinin istifadəsinə verilib. Hər bir şəxs, KİV təmsilçisi istənilən zaman həmin sayta daxil olmaq, onu maraqlandıran informasiya ilə tanış olmaq imkanına malikdir. Ölkədə baş verən konkret cinayət faktları, cinayətkarlığa qarşı mübarizə sahəsində polisin həyata keçirdiyi gündəlik tədbirlərin nəticələri, rəhbərliyin qəbulları və səfərləri barədə məlumatlar fotoşəkillərlə birlikdə internetə yerləşdirilir. Elə buna görə də qeyri-hökumət qurumları tərəfindən keçirilən sorğu və monitorinqlər zamanı nazirliyin internet saytı dövlət orqanları arasında adətən öncül yerlərdən birini tutur”.

Nazir müavini vurğulayıb ki, bir sıra hallarda özlərini müstəqil adlandırsalar da, əslində müəyyən siyasi təşkilatların və ayrı-ayrı şəxslərin təsir dairəsində olan qəzetlər, xəbər portalları, agentliklər hansısa "etibarlı", "məlumatlı" mənbələrə istinad edərək Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının rəhbərliyinə daxil olan şəxslər, yaxud ərazi polis orqanlarının məsul əməkdaşları barədə qəsdən onların işgüzar imiclərini və nüfuzlarını ləkələmək məqsədilə rəsmən təsdiqlənməyən, yoxlanılmamış, əsassız və şayiə xarakterli dezinformasiyalar yayır, bəzi hallarda isə belə məlumatlarda aşkar təhqir və böhtan elementləri yer alır: “Kütləvi informasiya azadlığından sui-istifadə edən belə mətbu orqanlar və saytlar "Kütləvi informasiya vasitələri haqqında" qanunun 10-cu maddəsinin mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələri, yalan və qərəzli yazıları çap etməyin, böhtan atmağın yolverilməzliyinə dair tələblərinə etinasız yanaşır, sözügedən qanunun 44-cü və 45-ci maddələrinə əsasən, hətta bəzən nazirliyin mətbuat xidməti tərəfindən təkzib xarakterli açıqlamaları da verməkdən imtina edir, nə qədər qəribə səslənsə də, bunu özlərinin işgüzar imiclərinə guya xələl gələcəyi ilə əlaqələndirməyə cəhd edirlər. Mən hüquq-mühafizə mövzusunda yazan bütün media mənsublarını "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları"nda təsbit olunmuş prinsiplər əsasında fəaliyyət göstərməyə, "Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır" prinsipinə sadiq qalmağa çağırıram. Onu da qeyd etməliyəm ki, Prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla cinayətlərin baş verdiyi hadisə yerlərində jurnalistlərin iştirakına, habelə məhkəmə baxışı başa çatmış, geniş əks-səda doğuran cinayət işləri ilə bağlı onların müxtəlif səpkili yazılar və verilişlər hazırlamalarına lazımi şərait yaradılır ki, bu da ayrı-ayrı kütləli informasiya vasitələrində qanunçuluq, hüquqi tərbiyə, hüquqi maarifləndirmə və sairə əhəmiyyətli mövzularda məqalələrin və xüsusi proqramların yaranması ilə nəticələnir. Cəmiyyəti qərəzsiz və obyektiv informasiya ilə təmin edən jurnalistlərin öz peşə borclarını hətta ekstremal şəraitlərdə, kütləvi aksiyalar zamanı yerinə yetirmələri məqsədilə son illər Mətbuat Şurasının təşəbbüsü və DİN-in köməyi ilə 500-dən artıq xüsusi gödəkcə hazırlanaraq KİV təmsilçilərinə paylanıb. Nəticədə qeyri-standart situasiyalarda media nümayəndələrinə hər hansı maneə ilə qarşılaşmadan sərbəst və təhlükəsiz şəraitdə işləmək imkanı yaranıb. Lakin polis mənsublarının və Mətbuat Şurası rəhbərliyinin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, çox təəssüf ki, üzərində xüsusi fərqləndirici atributları olan jiletləri geyməyən, icra orqanlarının sanksiyalaşdırmadığı qanunsuz aksiyaların iştirakçılarına çevrilən bəzi jurnalistlərə də rast gəlmək olur. O zaman DİN-in və Mətbuat Şurasının bu məqsədlə yaratdıqları, hər iki qurumun məsul təmsilçilərindən ibarət Monitorinq Qrupu belə halları birgə araşdırır, yaranmış anlaşılmazlığı elə yerindəcə aradan qaldırır. Mətbuat Şurası və digər jurnalist birlikləri ilə qurulmuş səmərəli əməkdaşlıq əlaqələri polislə kütləvi informasiya vasitələri arasında bəzi hallarda baş verən anlaşılmazlıqların, qeyri-etik davranış və kobud rəftar hallarının qarşısının alınmasında effektli vasitələrdən birinə çevrilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR