Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov istintaqa ifadə verəcək

Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov istintaqa ifadə verəcək
# 20 noyabr 2012 15:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov istintaqa çağırılacaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Təhqiqat Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib. Onun sözlərinə görə, bu istintaq çərçivəsində heç kəs toxunulmaz deyil: “Vaxtı gələndə, ifadəsini almaq üçün Anatoli Serdyukovu da istintaq çağıracağıq”.

Qeyd edək ki, noyabrın 6-da Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin tabeliyində olan ”Oboronserviz” təşkilatında baş verən korrupsiya qalmaqalı ilə bağlı Anatoli Serdyukovu istefaya göndərib. Rusiya Təhqiqat Komitəsinin yaydığı məlumatda Müdafiə Nazirliyi əməkdaşlarının dövlətə 100 milyon dollar dəyərində ziyan vurduqları açıqlanıb.

Korrupsiya qalmaqalı ilə bağlı Müdafiə Nazirliyinin tabeliyində olan Ekspert Ticarət Mərkəzinin direktoru Yekaterina Smetanova, onun həyat yoldaşı Hərbi Hava Qüvvələrinin bazasının direktoru Maksim Zakutaylo həbs olunublar. Korrupsiya qalmaqalının əsas “qəhraman”ı olan Müdafiə Nazirliyinin Mülk Dairəsi İdarəsinin sədri Yevgeniya Vasilyevanın isə hal-hazırda xəstəxanada müalicə olunduğu bildirilib.

Onu da qeyd edək ki, Yevgeniya Vasilyevanın keçmiş müdafiə naziri Anatoli Serdyukovun məşuqəsi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR