Rusiya Federasiya Şurası “Dima Yakovlev qanunu”nu təsdiqləyib

Rusiya Federasiya Şurası “Dima Yakovlev qanunu”nu təsdiqləyib
# 26 dekabr 2012 12:35 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Federasiya Şurası ABŞ vətəndaşlarının Rusiyadakı uşaq evlərindən uşaqları övladlığa götürməsini qadağan edən “Anti-Maqnitski” və “Dima Yakovlev qanunu” adlandırılan qanunu yekdilliklə təsdiqləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Federasiya Şurasında keçirilən səsvermədə 143 senator yekdilliklə qanunun lehinə səs verib.

Qeyd edək ki, məlum qanun dekabrın 21-də Rusiya Dövlət Dumasında qəbul olunub. Bu qanun ABŞ Konqresinin aşağı palatasının bir müddət əvvəl qəbul etdiyi, Rusiya vətəndaşlarına qarşı viza və maliyyə sanksiyalarının tətbiqi haqqında “Maqnitski qanunu”na cavab olaraq qəbul edilib. Bu qanuna görə, Rusiya vətəndaşlarının hüquqlarını pozan ABŞ vətəndaşlarının Rusiyaya girməsinə və eyni zamanda ABŞ vətəndaşlarının rusiyalı uşaqları övladlığa götürməsinə qadağa qoyulub. Qanun ABŞ-da övladlığa götürülən Rusiya vətəndaşı Dima Yakovlevin adına uyğunlaşdırılıb. Dima Yakovlev amerikalı valideynləri tərəfindən işgəncə verilərək öldürülüb.

Rusiyalı parlamentarlar qanunun genişləndiriləcəyini də qeyd ediblər. Deputatlar bu qanunun gələcəkdə təkcə ABŞ vətəndaşlarına deyil, digər ölkələrin vətəndaşların da şamil edilə biləcəyini söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR