Azərbaycan ərazisində radon qazının yayılması ilə əlaqədar layihəsinin ikinci mərhələsinə başlanılıb

 Azərbaycan ərazisində radon qazının yayılması ilə əlaqədar layihəsinin ikinci mərhələsinə başlanılıb
# 06 dekabr 2012 12:57 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti ilə birgə Azərbaycan ərazisində radon qazının yayılması ilə əlaqədar layihənin ikinci mərhələsinə başlayıb. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlı layihənin tədqiqatları İsveçrə Elm Fondunun dəstəyi ilə aparılır, ölkədə radonun miqdarının anomal olduğu ərazilər təyin olunur.

Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi tərtib olunub. Xəritəyə görə ölkə ərazisində radon qazının paylanması nəticəsində ekoloji təmiz və texnogen pozulmuş ərazilər aşkar olunub. Layihədən məqsəd tikililərdə, xüsusən də yaşayış binalarında radonun ziyanını minimuma endirməkdir. Hazırda İsveçrədən radon qazını təyin edən “Radon Scout Plus” adlı elmi tədqiqat avadanlığı gətirilib. O, bir neçə saata radonun qatılığını təyin edə bilir. Evlərdə radon qazı aşkar olunarsa, ventilyasiya, hava çəkən boru və bu kimi digər təmizləmə qurğuları quraşdırılacaq. Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri Çingiz Əliyev bildirib ki, hazırda alimlər radon qazının mənbələrini təyin etməyə çalışırlar. Tədqiqatlar zamanı radonun qarşısını almaq üsulları təyin olunacaq.

Qeyd edək ki, Radon Yer kürəsində geniş yayılmışdır. O, əsasən yerin dərinliklərindəki tektonik çatlar vasitəsi ilə yerin səthinə çıxır, döşəmələrdəki çatlar, kanalizasiya, su və qaz borularından isə tikililərə sizaraq orada toplanır. Bu qaz normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu, xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yeri tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR