Azərbaycan yeni Rəqabət Məcəlləsinin qəbuluna hazırlaşır - MÜSAHİBƏ

Azərbaycan yeni Rəqabət Məcəlləsinin qəbuluna hazırlaşır - <span style="color: red;">MÜSAHİBƏ
# 27 dekabr 2012 09:43 (UTC +04:00)

Azərbaycanda 6 illik fasilədən sonra iqtisadi rəqabət mövzusu yenidən aktuallaşıb. Milli Məclis Rəqabət Məcəlləsi layihəsinin növbəti dəfə müzakirəsinə hazırlaşır. Sonuncu dəfə parlamentdə bu sənəd barədə 2008-ci ildə danışılıb. Lakin iki oxunuşdan keçdikdən sonra beynəlxalq təşkilatların da iştirak etdiyi qızğın mübahisələrə səbəb olan sənəd üzərində işlər dayandırılıb. Nəhayət, parlamentdə Rəqabət Məcəlləsinin III oxunuşda müzakirələri başlayıb. Hərçənd ki, beynəlxalq ekspertlər Məcəllədə heç bir yeniliyin nəzərdə tutulmadığını və ölkədə iqtisadi rəqabətin inkişafına heç bir töhfə verməyəcəyini bildirirlər. Bu və bir sıra digər aktual məsələlərlə bağlı «Ekonomist» jurnalına («APA Holding» qrupunun üzvü) müsahibəsində USAID-in eksperti, rəqabət qanunvericiliyi üzrə mütəxəssis Eldar Qocayev danışıb. Müsahibəni bəzi ixtisarlarla təqdim edirik.

- Əvvəlcə deyin, hazırda Azərbaycanın antiinhisar qanunvericiliyi nə vəziyyətdədir?

- Azərbaycanda antiinhisar orqanı 20 il əvvəl - 1992-ci ilin yayında yaradılıb, bundan bir il sonra «Antiinhisar fəaliyyəti haqqında qanun» qəbul edilib. Azərbaycan tarixində ilk antiinhisar aktı olan bu qanun, əslində Rusiyanın o vaxtkı analoji qanununun tərcüməsi idi. Yəni, burada qanun yaradıcılığından daha çox həmin qanunu necə uğurla tərcümə etməkdən və Azərbaycan reallıqlarına uyğunlaşdırmaqdan söhbət gedirdi. 1995-ci ildə Azərbaycanda «Haqsız rəqabət haqqında», 1998-ci ildə isə «Təbii inhisarlar haqqında» qanunlar qəbul edilib. Hazırda Azərbaycanın antiinhisar qanunvericiliyi sadalanan bu qanunlardan ibarətdir.

- Rəqabət Məcəlləsi layihəsinin hazırlanmasına nə vaxtdan başlanılıb?

- Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanmasına isə 2004-cü ilin sonunda başlanılıb. 2006-cı ilin sonunda bu sənəd parlamentə təqdim edilərək burada iki oxunuşdan keçib. Bu sənədin Milli Məclisə təqdim edilən ilkin variantı layihə kimi arzuolunan vəziyyətdə olmamışdır. Milli Məclisin layihə üzərində xeyli işlər görməsinə, bir çox qarışıq və absurd müddəaları çıxarmasına baxmayaraq, o hələ də, müasir tələblərə cavab verməyən bir sənəddir. Əvvəla, burada həddən artıq dolaşıq normalar var idi. Yəni, prosessual və maddi-hüquq normaları bir-birinə qarışmış, təşkilati və şəxsi maraqlar əksini tapmışdı. Məsələn, sənədin ilkin variantında hətta antiinhisar orqanının əməkdaşlarının silah gəzdirməsi və rütbəsinin olması əksini tapmışdı. Təşkilati maraqlara gəlincə, burada antiinhisar orqanına ona bilavasitə aid olmayan səlahiyyətlərin verilməsi nəzərdə tutulur ki, onlar indiyədək Layihədə qalmaqdadır.

- Rəqabət Məcəlləsinin layihəsində hansı yeniliklər nəzərdə tutulur?

- Nə qədər qəribə olsa da, deməliyəm ki, bu layihədə Azərbaycanın bu sahədəki mövcud qanunvericiliyindən fərqli, daha tutarlı və mütərəqqi heç nə təklif edilmir. Bu sənəd hazırda mövcud olan və yuxarıda sadaladığım üç qanunun və Nazirlər Kabinetinin
1998-ci il 29 may tarixli, 120 saylı qərarının («Antiinhisar qanunvericiliyinin pozulması ilə əlaqədar işlərə baxılması Qaydaları») bir yerə toplanmasından başqa bir şey deyil. Hətta bir çox müddəa və cümlələrinin quruluşunadək eynidir.

Burada yeganə yenilik gizli üfüqi sazişlərin (kartellərin) açılmasına təkan verməli olan əfv proqramına yaxın proqrama dair müddəaların əks olunmasını qeyd edə bilərik. Qanun layihəsinə xarici ekspertlərin rəyində deyilir: «Layihənin mahiyyətində onun tərtibatına müasir, ciddi və qabaqcıl rəqabət qanunvericiliyi siyasətinə dair təcrübə baxımından deyil, təşkilati maraqlar baxımından yanaşıldığı hiss olunur. Həmçinin, rəqabət orqanının icrasına məsul olduğu sahələrin hüquqi tənzimlənməsinin mümkün qədər daha yüksək statusa malik qanunvericilik aktı – Məcəllə vasitəsilə sənəddə cəmləşdirilməsi və bu vaxt hətta rəqabətə birbaşa aidiyyəti olmayan sahələrin də əhatə edilməsi cəhdi nəzərə çarpır».

- Məcəllə layihəsində hansı məqamları düzgün saymırsınız?

- Belə məqamlar çoxdur. Məsələn, rəqabət siyasətinin məqsədlərinin müəyyənləşdirilməsi ilə bağlı (2-ci maddə) bildirilir ki, məqsədlərdən biri yerli sahibkarların rəqabət qabiliyyətinin yüksəldilməsi və daxili bazarın qorunmasıdır (2.5-ci maddə). Rəqabət və daxili bazarın qorunması bir yerə sığmayan anlayışlar olmaqla, onların nəzəriyyəsinə, fəlsəfəsinə uyğun olmayan məsələlərdir.

Əvvəla, daxili bazarın qorunması rəqabətin predmeti deyil. İkincisi, daxili bazarın qorunması üçün rəqabət siyasətini həyata keçirən orqanın hansı mexanizmlərdən istifadə edəcəyi məlum deyil. Üçüncüsü, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün danışıqlar aparır və belə bir vəziyyətdə daxili bazarın qorunması məhz həmin prinsiplər əsasında aparılmalıdır. Bununla bağlı UTT-nin müvafiq saziş və qaydaları mövcuddur ki, ayrı-ayrı ölkələrin strateji hesab etdiyi sahələrdə bu qoruma üsulları tətbiq edilir. Nəhayət, dördüncüsü, rəqabətlə bağlı proteksionizm indiyədək heç bir ölkəyə sonadək uğur gətirməyib və özünü doğrultmayıb. Məsələn, 40-50 il bundan əvvəl bu üsula əl atmış bir sıra Avropa ölkələri bunun faydasızlığını hiss edib ondan imtina edib. «Süni çempionlar» yaratmaqla iqtisadiyyatı qaldırmaq olmaz. Onsuz da bu çempion rəqabət qabiliyyətinə malik deyilsə, sabah xarici şirkətlər üçün ölkə iqtisadiyyatının qapıları açılanda həmin «çempionlar» heç bir rəqabətə tab gətirməyəcək. Digər tərəfdən, biz artıq 20 ildən artıqdır ki, bazar münasibətlərinə keçmişik və indiyədək bizim rəqabət qabiliyyətli brendlər, güclü şirkətlər formalaşmalı idi. Bu artıq başqa söhbətin mövzusudur ki, bu niyə mümkün olmayıb və bunun üçün bizə hələ neçə il lazımdır. Amma fakt budur ki, «Ura Patriotizm» yanaşması ilə guya daxili bazarı qoruyuruq, əslində isə biz rəqabətə davamlı sahibkarlığın meydana gəlməsinə və vətəndaşlarımızın maddi rifahına mane oluruq. Biz daxili bazarı rəqabətdən qorumaqla, rəqabət qabiliyyətli şirkətlərin yaranmasının, eləcə də vətəndaşlarımızın daha ucuz və keyfiyyətli məhsulla təmin olunmasının qarşısını alırıq.

- Siz təbii inhisarlarla bağlı məsələnin bu Məcəllənin təsir dairəsinə salınmasını düzgün saymırsınız. Niyə?

- Bəli, bunu düzgün hesab etmirik, çünki inkişaf etmiş ölkələr bir yana, heç orta səviyyədə inkişaf etmiş ölkələrdə də təbii inhisarlarla bağlı məsələlər rəqabət qanunvericiliyinin tərkib hissəsi sayılmır. Macarıstan, Rusiya, Norveç, ABŞ, Ukrayna, Gürcüstan, Latviya, Litva və s. ölkələrdə hesab edirlər ki, təbii inhisarçılıqla bağlı məsələlər rəqabət qanunvericiliyi ilə deyil, təchizatın təmin olunması ilə əlaqədardır. Və bu sahə inzibati yollarla tənzimlənməlidir. Yəni, antiinhisar orqanı bu məsələdə tənzimləyici olmamalıdır.

Məsələnin başqa tərəfi də var ki, təbii inhisarlarla bağlı məsələnin Məcəllə layihəsinə daxil edilməsi onların tənzimlənməsi məsələsinə də kölgə salır. Belə ki, bu sahə müstəqil tənzimlənərsə, daha da inkişaf edər, təkmilləşər və daha yaxşı tənzimlənər. Bu mənada təbii inhisarlarla bağlı normaların Rəqabət Məcəlləsinin tərkibinə daxil edilməsi və rəqabət orqanı vasitəsilə tənzimlənməsi bu sahənin də ixtisaslaşmış inkişafına mane olar. Həmçinin, rəqabət orqanının həddən artıq yüklənərək, öz əsas hədəflərindən yayınmasına səbəb olur. Ona görə də xarici ekspertlər bu müddəaların (VI fəsil) Məcəllə layihəsindən çıxarılmasını tövsiyə edirlər.

- Məcəllə layihəsində rəqabət orqanının səlahiyyətləri necə müəyyən edilib? Bu səlahiyyətlər onun məqsədlərinə cavab verirmi?

- Xeyr. Narazılıq doğuran digər məsələ – rəqabət orqanının səlahiyyətlərinin ixtisaslaşdırılması ilə bağlıdır. Bu məsələ Məcəllə layihəsinin 5-10-cu, 52-ci və digər maddələrində əksini tapıb. Xaricdə rəqabət orqanının statusu çox yüksəkdir. Məsələn, Latviya, Litva, İspaniya, Ukrayna, Cənubi Afrika və s. ölkələrin təcrübəsinə görə, rəqabət orqanı mükəmməl struktura malik olmalıdır. ABŞ-da antiinhisar orqanı Federal Ticarət Komissiyasıdır. Həmin komissiyanın 5 üzvü var. Onların bu vəzifəyə təyin olunmasını prezidentin təqdimatı əsasında Konqres təsdiqləyir. Bir sıra digər ölkələrdə də komissiyanın üzvlərini ya prezidentin, ya ad baş nazirin təqdimatı ilə parlament təsdiqləyir. Bu isə rəqabət orqanını daha yuxarı qurumlar tərəfindən edilə biləcək təsirlərdən qoruyur, fəaliyyət müstəqilliyi və qərarlarının qərəzsiz qəbul edilməsinə imkan verir.

Bizdə isə hər bir iş üzrə ayrıca (ad hoc) komissiya yaradılır. Komissiyanın üzvlərini rəqabət orqanının rəhbəri təyin edir, özü də onlar həmin iş üzrə araşdırma aparan şöbələrin əməkdaşlarından ibarət olur. Yəni, belə çıxır ki, onlar özləri öz araşdırdıqları işlər üzrə qərar qəbul edir, cərimə kəsir və s. tədbirlər görürlər. Layihənin 52-ci maddəsində bu qayda olduğu kimi saxlanılır.

- Rəqabət barədə danışanda ilk növbədə inhisarçı mövqe tutan müəssisələrin müəyyənləşdirilməsi və onlara qarşı nəzarət tədbirləri yada düşür. Məcəllə layihəsində bu məsələlər necə qoyulub?

- Əvvəlcə bir mühüm məqamı qeyd edim. Ümumiyyətlə, başa düşmək lazımdır ki, bazarda hökmran mövqeyə malik olmaq istəməyən şirkət normal şirkət deyil. Bütün şirkətlər çalışmalıdır ki, bazarda daha çox yer tutub, daha çox gəlir əldə etsinlər. Bu normaldır, təbii haldır və şirkət buna görə cəzalandırılmır. Cəza yalnız o zaman tətbiq edilir ki, şirkət bu mövqeyindən sui-istifadə edir. Layihəyə gəldikdə isə, bizim bazardakı hökmran mövqeyin, yəni inhisarın müəyyənləşdirilməsi ilə bağlı ciddi narazılığımız var. Bu məsələ layihənin 17-ci maddəsində əksini tapıb və hazırda qüvvədə olan qanunvericilikdən olduğu kimi bura köçürülüb. Yəni, bazar payı 35% olan müəssisələr avtomatik olaraq inhisarçı sayılır.

- Bəs bununla bağlı dünya təcrübəsi necədir?

- Burada bir neçə problem var. Əvvəla, bazar payının müəyyənləşdirilməsi yolları ilə bağlıdır. Qabaqcıl təcrübəyə əsasən, şirkətin bazar payının müəyyənləşdirilməsi üçün müxtəlif mexanizmlər var. Məsələn, alıcının və ya müştərinin alternativ bazara çıxışı varmı? İkincisi, hökmranlıq deyilən mövqe nə qədər müddət davam edib və hansı miqyası əhatə edib? Üçüncüsü, həmin müddətdə bazarda müvafiq əmtəə və xidmətin əvəzedicisi olubmu? Dördüncüsü, hökmranlıq üçün şirkətin mükəmməl distribütor sistemi olubmu və s. Bu və ya digər şərtləri nəzərə alanda, hətta şirkətin bazar payı 35% olsa da, əgər bu şərtlər ödənmirsə, onda həmin şirkət bazarda hökmran mövqe tutan, yəni inhisarçı sayılmır. Bizdə isə bu şərtlər açıq şəkildə qoyulmur, yalnız nəzərdə tutulur ki, bazar payı 35%-dirsə, o avtomatik olaraq inhisarçı sayılır və onun adı antiinhisar orqanında inhisarçı müəssisələrin reyestrinə düşür.

Nəhayət, 35%-in özü çox aşağı həddir. Xarici mütəxəssislər bu rəqəmin artırılmasını təklif edirlər. Məsələn, Latviyada şirkətin inhisarçı və ya bazarda hökmran mövqeyə sahib olmasını hesab etmək üçün digər şərtlərlə yanaşı bazar payı 45% olmalıdır. ABŞ-da isə konkret faiz yoxdur. Onlarda Ali Məhkəmənin sonradan presedentə çevrilmiş bir qərarında bu pay 50% göstərilib, amma yuxarıda deyilən şərtlər nəzərə alınmaqla.

Ən maraqlısı da odur ki, hazırda qüvvədə olan və olduğu kimi Rəqabət Məcəlləsinə də sirayət etmiş «Antiinhisar fəaliyyəti haqqında» qanunun 16-cı maddəsində göstərilir ki, şirkətin bazar payı yalnız Dövlət Statistika Komitəsindən alınan məlumatlar əsasında müəyyənləşdirilir. Bu da heç bir reallığı əks etdirmir. Əvvəla, heç bir ölkədə statistika qurumlarının verdiyi məlumatlar tam səhih olmur, Azərbaycan kimi ölkələrdə isə bu statistik məlumatların reallıqdan fərqi xüsusilə böyükdür. Xaricdə vəziyyətdən çıxış yolunu alternativ bazar araşdırmalarında görürlər. Bu zaman bütün orqanlardan, o cümlədən, gömrük və statistika orqanlarından məlumatlar alına bilər. Yəni, statistika orqanının məlumatları bu mənbələrdən yalnız biri kimi istifadə oluna bilər.

- Şirkət və ya müəssisə üçün inhisarçı hesab olunması nə deməkdir? Onun adı inhisarçı şirkətlərin reyestrinə daxil edilir, bəs sonra?

- Şirkətin inhisarçı sayılmasının nəticələri təkcə onun adının reyestrə düşməsi ilə bitmir. Adı reyestrə düşəndən sonra şirkətlərə qarşı bəzi qaydalar işə düşür, onların apardığı əməliyyatlar, iri alqı-satqılar, birləşmə və qovuşmalar və ya onların təsərrüfat fəaliyyəti antiinhisar orqanının nəzarətində olur və müvafiq hesabatlar tələb olunur.

Belə müəssisələr antiinhisar orqanına rüblük hesabatlar verməli, birləşmələr və qovuşmalar edəcəyi təqdirdə ondan icazə almalıdır və s. Bir sözlə, belə müəssisələr üzərində daim nəzarət hiss edirlər. Elə bu səbəbdəndir ki, bəzi ölkələrdə, məsələn, Rusiyanın özündə şirkətlərin adlarının reyestrdən çıxarılması üçün böyük həcmdə rüşvət təklif etməsi halları olub.

Amma bizim Məcəllə layihəsində bu məsələdə də qeyri-müəyyənliklər var. Məsələn, layihənin 17.4.1-ci maddəsində nəzərdə tutulur ki, adı reyestrdə olan şirkət öz məhsuluna «əsassız olaraq yüksək qiymət» qoyarsa, ona qarşı tədbirlər görülə bilər. Maraqlıdır, «əsassız qiymət artımı» dedikdə, nə nəzərdə tutulur? Yəni, onun əsassız olmasını əsaslandıran amillər aydın göstərilmir. Axı həmin şirkətin 35% payından başqa bazarda hələ 65% var. Həmin bazar subyekti malın qiymətini qaldıra bilər və qaldırır. Alıcı həmin malı almaq istəməsə, gedib eyni malı başqasından ala bilər. Nəyə görə bunun üçün müəssisənin bütün mühasibatlığı yoxlanılmalıdır? Yəni, adı çəkilən məfhumları şərtləndirən amillər ümumi deyil dəqiq göstərilməli və müəssisənin müstəqil satış siyasətinə əsassız müdaxilələr olmamalıdır.

- Məcəllə layihəsində antiinhisar qanunvericiliyinin pozulmasına görə cərimə və sanksiyalar hansı mexanizm əsasında tətbiq olunacağı göstərilmişdirmi?

- Məcəllə layihəsinin X fəsli (38-42-ci maddələr) qanunvericiliyin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarına həsr olunub. Burada maliyyə sanksiyalarının hesablanması ilə əlaqədar müxtəlif yanaşmalar əks olunub. Belə ki, layihədə maliyyə sanksiyalarının gəlirdən, mal dövriyyəsindən və minimum əmək haqqına əsasən hesablanması nəzərdə tutulub. Xarici ekspertlər bunu analiz edərək maliyyə sanksiyalarının əmtəə dövriyyəsindən hesablanmasını daha məqbul variant kimi təklif ediblər.

- Belə çıxır ki, Rəqabət Məcəlləsinin layihəsi hazırkı vəziyyətdə qəbul edilərsə Azərbaycanda inhisarçılıq, sui-istifadə, haqsız rəqabət və sair rəqabətə zidd mühitin qarşısını almağa imkan verməyəcək?

- Xeyr, birmənalı olaraq demək olar ki, layihə bu sahədə mövcud qanunvericilikdən daha proqressiv model təqdim etmir. Belə vəziyyətdə layihəni mühüm yenilik, irəliyə doğru bir addım kimi təqdim etmək və bu sahədə indiyədək yığılıb qalmış ciddi problemlərin açarı olacağına ümid etməyə heç bir əsas yoxdur.

Bu mənada yeni məcəllə ölkənin haqsız rəqabət və inhisarlaşma ilə bağlı yığılıb qalmış problemlərini həll etmək gücündə deyil. Əksinə, bəlkə də rəqabət mühitinin pisləşməsinə səbəb olacaq, çünki indiyədək adi qanunvericilikdə nəzərdə tutulan mənfi qaydalar indi daha yüksək statusla, məcəllə statusu ilə təqdim olunacaq. Ən maraqlısı odur ki, Azərbaycanın antinhisar qanunvericiliyi hələ qəbul edildiyi zaman, yəni müstəqilliyin ilk illərində müasir sayılmır, reallığı əks etdirmirdi, indi isə o, müasir reallıqlara ümumiyyətlə cavab vermir, hətta inkişafa mane olur.

Bizim də bu sahədəki çalışmalar məhz onunla bağlıdır ki, qəbul ediləcək Rəqabət Məcəlləsi müasir tələblərə cavab verən sənəd olsun. Bu Azərbaycan iqtisadiyyatının rəqabətliliyini nəzərəçarpacaq dərəcədə artırmaq üçün nadir imkanlardandır.

Müsahibənin tam mətni ilə «Ekonomist» jurnalında tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR