Azərbaycanı XI Beynəlxalq Türk Dili Olimpiadasında təmsil edəcək qaliblər müəyyənləşib

 Azərbaycanı XI Beynəlxalq Türk Dili Olimpiadasında təmsil edəcək qaliblər müəyyənləşib
# 14 mart 2013 23:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Martın 14-də Azərbaycan Milli Dram Teatrında XI Beynəlxalq Türk Dili Olimpiadasının Azərbaycan üzrə final mərhələsi keçirilib. APA-nın xəbərinə görə, final mərhələdə Azərbaycanın orta təhsil məktəbləri və Çağ Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin şagirdləri mübarizə aparıblar.

Tədbirin açılışında iştirak edən Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz bildirib ki, ötən il X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan cəmi 25 medal olmaqla 12 qızıl, 11 gümüş, 3 bürünc medal qazanıb: “Bu nəticələrə əsasən Azərbaycan komandası 135 ölkə arasında 1-ci yeri tutub. Ümumilikdə, olimpiada tarixində Azərbaycan cəmi 103 medal olmaqla 34 qızıl, 50 gümüş, 20 bürünc medal qazanıb. Bu il isə “Bəşəri barışığa doğru” adı altında keçiriləcək olimpiadada 140 ölkədən 2000 şagird iştirak edəcək. Türkiyənin 55 şəhərində 99 səhnə proqramı təşkil ediləcək”.

Sonra isə ölkə olimpiadasının finalı qiraət, inşa, mahnı, dialektika, şeir, səs, oxuma, mədəni irs, təqdimat, xüsusi qabiliyyət, rəsm, xalq oyunları (rəqs), yaradıcı inşa müsabiqəsi (universitet tələbələri arasında) olmaqla 13 kateqoriya üzrə keçirilib. Azərbaycan finalında qalib olan şagirdlər medal, sertifikatlar, hədiyyə ilə mükafatlandırılıblar. Bundan əlavə, qaliblər Türkiyədə yay tətili və Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil etmək imkanı qazanıb.

Qeyd edək ki, 24-26 may tarixlərində Türkiyənin İzmir şəhərində mədəniyyət festivalı keçiriləcək. 1 iyun tarixində isə “Bəşəri barışığa doğru” adı altında təşkil olunacaq XI Beynəlxalq Türk dili Olimpiadasının açılış mərasimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR