Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli və Mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun əməkdaşı Vüqar Fərəcov ABŞ-da səfərdə olublar.
RSXM-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nümayəndə heyəti dekabrın 3-7-də dünya ölkələrindən 29 min qonağın iştirakı ilə Amerika Geofizika Birliyinin illik toplantısında iştirak edib.
Birliyin toplantısında bütün ölkələrdən gələn seysmoloq-alimlər son illər əldə olunan yeni elmi məlumatlar haqqında bölmələrdə keçirilən müzakirələrdə məruzələrini təqdim ediblər. Azərbaycan seysmoloqlarının son illər əldə etdiyi nəticələr və görülən işlər keçirilən müzakirələrdə yüksək qiymətləndirilib, ayrı-ayrı ölkələrdən olan seysmoloq alimlər AMEA RSXM-lə əməkdaşlıq etməyə maraqlı olduqlarını bildiriblər.
Qurban Yetirmişli səfər çərçivəsində dekabrın 10-11-də NATO-nun “Elm sülh və təhlükəsizlik üçün” proqramı çərçivəsində həyata keçirilən layihənin başa çatması ilə bağlı hesabat toplantısında da iştirak edib.