Yaxın vaxtlarda FHN-də tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacaq sistem istifadəyə veriləcək

Yaxın vaxtlarda FHN-də tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacaq sistem istifadəyə veriləcək
# 16 fevral 2016 10:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Tikinti sahəsində elektrik enerji, su, kanalizasiya və digər məsələlərlə bağlı texniki şərtlərin alınması sahəsində problemlər var. Bu problemlər mərhələ-mərhələ həllini tapacaq”.

APA-nın məlumatına görə, bunu bu gün tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, tikinti sahəsində yeniliklər çox vacibdir və qısa müddətdə bunun tətbiqi nəzərdə tutulur: “Belə görüşlərin məqsədi odur ki, tikinti işlərinin sürətləndirilməsi üçün daha hansı işlərin görülməsini müəyyənləşdirək. Gələcəkdə mühüm əhəmiyyətli obyektlərə texniki şərtlərin verilməsi asanlaşdırılacaq. Əvvəllər tikinti şirkətləri tərəfindən binalar tikilmiş, qəbul aktları olmadan istifadəyə verilmişdi. Həmin binalar Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy alınmadan istifadəyə verildiyi üçün o binalarda yanğın təhlükəsizliyinin vəziyyəti barədə heç nə məlum deyil. Tutaq ki, o binalara elektrik enerjisinin verilməsi dayandırılanda sakinlər narazı qalır, dövlət qurumları da çətin durumla üzləşir. O binaları tikmiş şirkətlərin rəhbərləri isə üzə çıxmırlar. Ancaq yaxşı haldır ki, hazırda belə faktlar yoxdur, bunlar əvvəllər olub”.

Nazir bildirib ki,tikinti işlərinə başlanandan bitənə qədər süni maneələrə yol verilməyəcək: "Sənədləşmə ilə bağlı məlumatları tikinti şirkətləri elektron qaydada sistemə elə daxil etməlidir ki, gələcəkdə suallar qalmasın. Tikintinin icazəsindən başlamış bütün ilkin məlumatlar Fövqəladə Hallar Nazirliyində yaradılmış və yaxın gələcəkdə istifadəyə veriləcək elektron sistemə düzgün daxil edilməlidir. Bu, əslində tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacaq, digər müvafiq qurumlar da Fövqəladə Hallar Nazirliyindəki elektron bazadan bu məlumatları götürə biləcək. Bir sözlə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində istifadəyə veriləcək elektron sistem tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR