“Neftçi” ev oyunlarını Masazırda keçirəcək

“Neftçi” ev oyunlarını Masazırda keçirəcək
# 07 aprel 2016 15:15 (UTC +04:00)

Bakı – APA. “Neftçi” may ayında keçirəcəyi iki ev oyununun stadionunu dəyişib. Klubdan apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” AZAL və “İnter”lə paytaxt derbisini 8-ci km qəsəbə stadionunda keçirməyəcək.

Buna səbəb mayın 5-dən 21-dək Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının keçiriləcəyidi. “Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci km qəsəbə stadionunda 6 qrup oyunu və mayın 14-15-dəki 1/4 finallardan biri baş tutacaq. Vəli Qasımovun yetirmələri kubokun yarımfinalında “Qəbələ” ilk oyunu evdə keçirəcəyindən, mayın 4-də səfərdə oynaması stadion problemi yaratmayacaq.

Ancaq Topaz Premyer Liqasının XXXIII turunda AZAL (7 may) və XXXV turunda “İnter”lə (15 may) paytaxt derbiləri üçün “ağ-qaralar” məkan axtarmalı olublar. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda yenidənqurma işləri və baza tikintisi aparıldığından, bakılılar orda da oynaya bilməyəcəklər.

Bütün bunları nəzərə alan “Neftçi” rəhbərliyi AZAL-la “İnter”i Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda qəbul etmək qərarına gəlib. “Əlincə” Futbol Klubuna məxsus olan stadion AFFA-nın bayrağı altında keçirilən çempionatlarda iştirak üçün lisenziya aldığından, orda Premyer Liqa matçının keçirilməsinə bir mane yoxdu.

Qeyd edək ki, təbii örtüklü olan “Əlincə” stadionu 13 min azarkeş tutumuna malikdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR