ABŞ-da prezident seçkiləri: Debatda qalib gələn seçkidə qalib gələcəkmi?

ABŞ-da prezident seçkiləri: Debatda qalib gələn seçkidə qalib gələcəkmi?
# 30 sentyabr 2016 15:21 (UTC +04:00)

Noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Artıq prezidentliyə namizədlər arasında ilk debat baş tutub. Debatlardan sonra əksəriyyət Hillari Klintonu qalib sayır, amma Trampı da debatların qalibi hesab edənlər az deyil. Bu şəxslərin prezident seçilmə ehtimalı nə qədərdir? Tramp, yaxud Klinton prezident seçilərsə, nələr dəyişəcək? Vitse-prezidentlərin namizədin qalib gəlməsində rolu varmı? “Panoram” proqramında aparıcı Vüqar Hüseynovun suallarını Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Fuad Çıraqov cavablandırıb.

- Debatlar müxtəlif mövzular üzrə Hillari Klintonun Donald Tramp üzərində əminliyini, daha hazırlıqlı olduğunu, müxtəlif mövzuları daha yaxşı bildiyini göstərdi.

- Saat yarımlıq debatların bir saatdan çoxu daxili siyasət və iqtisadiyyat məsələlərinə həsr olunub. Bu, bir daha göstərir ki, bu ölkənin seçiciləri üçün əsas mövzu xarici siyasət məsələləri deyil, daxili siyasət məsələləridir.

- ABŞ-da ötən on il ərzində ciddi siyasi qütbləşmə müşahidə olunur. Debatların gedişi bu qütbləşmənin daha da dərinləşdiyini göstərdi.

- Hər kəsi maraqlandıran bir sual var: “Necə olur ki, bu cür intellektual potensialı olan, ağıllı insanları olan, bu qədər institutları olan ölkədə Donald Tramp kimi populist bir şəxs bu qədər populyarlaşa bilir?”

- Hillari Klinton və Donald Trampın iqtisadi platformalarında üst-üstə düşən məqamlar da var, eyni elektorata xitab edirlər, amma yanaşmaları fərqlidir.

- Hillari Klinton daha ciddi siyasətçi təsiri bağışlasa da, debatların getdiyi dönəmdə keçirilən rəy soğrularında hər iki namizəd demək olar ki, eyni səs toplayıb. Sentyabrın əvvəllərində bəzi rəy sorğularında Tramp rəqibini üstələmişdi. Bir maraqlı araşdırma aparılıb. Əvvəlki seçkilərdə hansısa namizədin hazırlıqlı görünüşü ona uduş gətirirdisə, bu dəfə hansısa namizədin hazırlıqsız görünməyi ona seçicilər arasında daha çox populyar edir. Bu görüntü insanlara belə fikir aşılayır: Bu şəxs ənənəvi elitanın üzvü olan şəxs deyil. Bu seçkilərdə Berni Sandersin də, Trampın da populyarlaşmasının səbəbi o idi ki, Amerika seçiciləri onları artıq ənənəvi siyasətçilər kimi deyil, xalqın içindən olan şəxslər kimi görürlər. Bu baxımdan debatlarda hazırlıqsız görünməyi müəyyən mənada Trampın lehinə işlədi.

- İndiki seçkilərdə Donald Tramp və Hillari Klintondan başqa da prezidentliyə namizədlər var. Onlardan biri Qarri Consondur. Bu şəxsin seçilmək şansı yoxdur. Verilişlərdən birində ondan soruşmuşdular ki, siz Hələbin xilası üçün nə təklif edirsiniz? O sualın cavabında soruşmuşdu ki, Hələb nə deməkdir? Yəni bu ölkədə hansısa şəxsin siyasətçi olması üçün xarici siyasət məsələlərini bilməsi o qədər də önəmli deyil.

- Hipotetik müstəvidə araşdırsaq, Tramp prezident seçilərsə, nə baş verə bilər? Birincisi, Tramp seçilərsə və Konqres ona istədiyi kimi siyasət yürütməyə imkan verərsə, ABŞ-ın 1945-ci ildən bu günə qədər qurduğu beynəlxalq iqtisadi sisteminə yenidən baxılacaq. Bu, tektonik proses ola, beynəlxalq münasibətlər sistemini tama dəyişə bilər. İkincisi, Elə həmin ildən ABŞ-ın yürütdüyü xarici siyasətin ana dəyərlər sistemi dəyişəcək.

- ABŞ ali dövlət sisteminin belə bir xüsusiyyəti var - müəyyən institutlar, müəyyən postlar var, amma postların dəyəri, gücü administrasiyalara görə dəyişə bilir. Elə administrasiyalar olur ki, orada vitse-prezident kölgədə qalır, o həmin postu formal olaraq tutur. Məsələn, kiçik Corc Buş dövründə Dik Çeyni kifayət qədər nüfuzlu, proseslərə təsir edə bilən adamlardan biri idi.

- Vitse-prezident postuna namizədlərə gəldikdə, elə namizədlər olur ki, onlar lap əvvəldən öz partiyasında kifayət qədər üstünlüyə sahib olur. Hamı tərəfindən qəbul olunur. Bəzən isə elə olur ki, partiya daxilində bir neçə qruplaşma olur və prezidentliyə namizəd olan şəxs prezident olmaq üçün məcburən digər qrupla koalisiyaya girir və qrupun liderini özünə vitse-prezident seçir. Amma namizədin lap əvvəldən partiyada mövqeləri güclü olubsa, prezidentlik postuna tək gəlib çıxıbsa, o hakimiyyəti de-fakto heç kimlə bölüşmür. Bu zaman formal olaraq vitse-prezident olan şəxsə sosial layihələrin icrası və sair tapşırılır.

- Hillari Klintonun vitse-prezident postuna namizədi Tim Keyn partiya daxilində əhəmiyyətli maliyyə qruplarına bağlılığı ilə seçilən qrupun təmsilçisidir. Onun vaxtilə Azərbaycanla çox yaxşı münasibətləri olub. Azərbaycan nöqteyi-nəzərindən bu pozitiv bir məsələdir.

- Donald Trampın vitse-prezidentlik postuna namizədini isə Respublikaçılar Partiyası məcburən irəli sürüb. Bəzi məsələlərdə artıq Trampla vitse-prezidentliyə namizəd arasında məsələlərə fərqli baxışlar ortaya çıxır. Nəzəri baxımdan Tramp prezident seçilsə belə, onun əlini-qolunu bağlayacaq faktorlardan biri də hazırkı vitse-prezident postuna namizəddir. Belə bir ssenari də ola bilər – Tramp seçilərsə, ziddiyyətlər kifayət qədər dərinləşərsə, o zaman Tramp Konqresdə elə respublikaçıların başladığı impiçment proseduru prezidentlik postundan uzaqlaşdırıla, bu posta vitse-prezident Mayk Pens gətirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR