İlin I yarısında əlillər 17 mindən çox protez-ortopedik məmulatla təmin olunub

İlin I yarısında əlillər 17 mindən çox protez-ortopedik məmulatla təmin olunub
# 08 iyul 2016 10:50 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin edilməsi işlərini davam etdirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, belə ki, ötən dövr ərzində nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ümumilikdə 7055 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 813 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.

Hesabat dövründə əlilliyi olan şəxslərə 978 ədəd əlil arabası, 476 ədəd aşağı ətraf, 92 ədəd yuxarı ətraf və 186 ədəd döş protezi, 4517 ədəd müxtəlif reabilitasiya vasitəsi, 691 ədəd yuxarı və aşağı ətraf ortezi, 431 ədəd bel və boyun nahiyəsi üçün korset, 350 ədəd eşitmə aparatı verilib. Əlilliyi olan şəxslər həmçinin 1625 cüt protez ayaqqabı, 2257 cüt ortopedik ayaqqabı, 497 ədəd dördayaqlı dayaq vasitəsi, 535 cüt qoltuqaltı və 945 cüt dirsəkaltı ağacla, 1454 ədəd əsas və s. ilə təmin ediliblər. Bu dövrdə onlara məxsus 500-ə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə təqdim olunub.

Ümumilikdə cari ilin 6 ayı ərzində əlilliyi olan şəxslər 2014-cü ilin birinci yarım ili ilə müqayisədə 74 faiz, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 3,2 faiz çox, yəni 17427 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR