Azərbaycan dağınıq skleroz xəstəliyinə görə orta risk qrupuna daxil olan ölkədir

Azərbaycan dağınıq skleroz xəstəliyinə görə orta risk qrupuna daxil olan ölkədir
# 16 mart 2016 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan dağınıq skleroz xəstəliyinə görə orta risk qrupuna daxil olan ölkədir”. APA-nın xəbərinə görə, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının dosenti, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı"nın komissiya üzvü Rövşən Həsənov jurnalistlərə açıqlamasında deyib ki, bu xəstəliyə əsasən cavan insanlarda rast gəlinir. Xəstəliyin yayılmasının kifayət qədər rəngarəng olduğunu deyən R.Həsənovun sözlərinə görə, dünyada dağınıq skleroz xəstəliyi əhalinin hər 100 min nəfərinin 10-50-də, bəzi ölkələrində isə 100 nəfərində rast gəlinir: "Dağınıq skleroz immun sistemi xəstəliyidir. Amma bu xəstəlik zamanı immunitetin zəifləməsi və ya güclənməsi nəzərdə tutulmur. Xəstəlik zamanı immun sistemi düzgün fəaliyyət göstərmir. Orqanizmin immun sistemi öz toxumalarını yad toxuma kimi qəbul edir və öz toxumalarını zədələnməyə başlayır".

Komissiya üzvü əlavə edib ki, bir neçə onilliklər əvvəl dağınıq skleroz xəstəliyinin diaqnostikası kifayət qədər çətin idi: "Çünki həkimlər yalnız xəstəliyin klinik xüsusiyyətlərinə əsaslanırdılar. Hazırda isə bu cür klinik xüsusiyyətləri olan külli miqdarda xəstəlik var. Onlara dağınıq sklerozu yamsılayan xəstəliklər deyirlər. İndi diaqnostik imkanlar artdığına görə bu xəstəliyin diaqnostikası nisbətən asanlaşıb. Bu xəstəliyi olanlar 3 aydan bir müayinə və müalicə olunurlar. Pasiyentin özünün öz üzərində dağınıq skleroz xəstəliyinin əlamətlərini aşkar etməsi çətindir. Ancaq hər bir insan öz üzərində bununla bağlı narahatçılıq hiss edə bilər. Narahatçılıq yerişdə, fikirləşmə qabiliyyətində özünü büruzə verə, daxili orqanlarda patologiyalar yaradar. Xəstəlik mərhələli olur. Bir neçə il sonra xəstə adətən, iş qabiliyyətini itirir və əlilliyə düçar olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR